...1998-ci il mart ayının 26-da ümummilli lider Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə soyqrımına əsl hüquqi-siyasi qiymət verildi.

Bu fərmanla möhtərəm Heydər Əliyev tarix boyu xalqımızın başı­na gələn faciələri  ilk növbədə özümüzün bilməyi, dərk etməyi, həmin faciəni təkcə 31 martda deyil, hər gün xatırlamağı, unutmamağı bizlərə öyrətdi. 1998-ci ildən başlayaraq, hər il Azərbaycan respublikasında 31 mart Azərbaycanlıların soyqırımı günü kimi dövlət səviyyəsində qeyd olunur, soyqırımı qurban­larını anma tədbirləri  keçirilir, dünya ictimaiyyətinin diqqəti bu  məsələyə cəlb olunur.

***

 Azərbaycan xalqının başına havadarlarının köməyilə ermənilər tərəfindən gətirilmiş bəlalar, kütləvi qırğınlar, talanlar və soyqrımı siyasəti barəsində yalnız XX əsrin səksəninci illərin sonundan və doxsanıncı illərin əvvəllərindən başlayaraq açıqlamalar verilməyə başlanılmışdır. Etiraf etmək lazımdır ki, müstəqillik illərinə qədər tariximiz haqqında daha çox fakt, sənəd, həqiqət bilməyə cəhd etdiyimiz halda, ən yaxın tariximiz olan XX əsrin əvvəlləri və 1918-1920-ci illərdə olmuş erməni vəhşiliyi barəsində özümüzə və dünyaya çatdıra biləcəyimiz səviyyədə təbliğat maşını yarada bilməmişdik. Məmləkətimizin bütövlüyünün qorunması, erməni qırğınının qarşısının alınmasında misilsiz xidmətlər göstərmiş xalq qəhrəmanları səviyyəsinə yüksəlmiş igid oğullarımız barəsində qədərincə yazmamış və onları xalqa tanıtdıra bilməmişdik. Şükürlər olsun ki, müstəqillik illərində bir daha yəqin edilmişdir ki, biz ziyalılar qarşısında unutqan yaddaşdan təmizlənməkdən daha vacib məqsəd dayanmır. 70 illik yasaqdan və təhrikdən sonra indi aşkarlıq işığında aparılan tədqiqatlar və araşdırmalar nəticəsində aydın olmuşdur ki, tarixə və soykökə bağlılıq, milli tariximizin öyrənilməmiş səhifələ-rinin araşdırılması indi daha mühüm əhəmiyyət kəsb edir.

Xalqımızın tarixinin sirri açılmamış çox səhifələri vardır ki, bu günkü və gələcək nəsillərimiz bunları bilməlidir. Çünki bunlar bilindikcə 31 marta, deportasiyaya, 20 yanvara, Xocalıya gedən yol tanınacaqdır. Bu mənada xalqımızın keçdiyi yola nəzər salmaq, torpaqlarımızın bütövlüyünə zərbə vuranlara qarşı igidlik nümunəsi göstərənlərin fəaliyyətini işıqlandırmaq məqsədilə gerçək tarixə müraciət etmək daha məqsədə uyğundur.

***

  Xalqımızın başı çox bəlalar çəkib. Torpaqlarimiz zaman-zaman bölünüb. Tariximiz təhrif olunub. Belə ki, son iki yüz ilə nəzər saldıqda Azərbaycan tarixində faciələrlə, soyqırımlarla dolu səhifələr  görürük. Belə ki, 1918-ci ilin mart-aprel aylarında ermənilər günahsız insanları amansızlıqla öldürülmüş böyük faciələr törətmişlər. Ən dəhşətlisi budur ki, 70 il qadağalarla, saxta beynəlmiləlçilik təbliğatı ilə faciəmizi bizə unutdurmuşlar. Sovet hakimiyyəti illərində ermənilərin xalqımıza qarşı törətdikləri qanlı faciələri, xalqn qan yaddaşından silməyə nə qədər  cəhd göstərilsə də, ancaq bu mümkün olmadı. Gec də olsa, həqiqət  üzə çıxdı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanından sonra,  aparılan tədqiqatlar, axtarışlar, həqiqətin üzə çıxarılmasında və başımıza gələnlərin dünya ictimaiyyətınə çatdırılmasında əsas rol oynadı. Sənəd və faktlara əsaslanaraq deyə biərik ki, 1918-ci ilin mart soyqırımı öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biri olmuşdur. Erməni cəlladları əllərinə düşən fürsətdən istifadə edərək uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi surətdə qətlə yetirmişlər. Azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanları da süngüdən keçirmişlər. Olmazın müsibətlər törətmişlər. Bakının gözəl yerlərini, memarlıq abidələrini xarabalığa çevirmişlər. Qırğınlar təkcə Bakıda deyil, Şamaxıda, Qubanın qəzalarında, Qarabağda, Zəngə-zurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdi. 1918-ci ilin mart-aprel aylarında Şamaxıda öldürülənlərin sayı 7-8 min göstərilsə də əslində 10-12 min nəfərə qədər olduğu bəllidir.

xocali-3

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti tərəfindən yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində, Şamaxı qəzasındakı 120 kənddən 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənmişdir. Komissiya öz işini dayandır-dığından digər 34 kənd haqqında məlumat toplamaq mümkün olmamışdı. Amma, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 1918-ci ilin mart-aprel aylarında Şamaxı qəzasında azərbaycanlılar yaşayan 58 kəndə ermənilərin hücumu zamanı 3632 kişinin, 1771 qadının, 956 uşağın vəhşicəsinə öldürüldüyü qeyd olunur. Bununla yanaşı ekspertlərin əldə olunan materiallar və arxiv sənədləri əsasında apardıqları hesablamalara görə, Şamaxı qəzasının 53 kəndində 8027 azərbaycanlı qətlə yetirildiyi, onlarda 4190 nəfərin kişi, 2560 nəfərin qadın və 1277 nəfərin isə uşaq olduğu göstərilir. Digər bir mənbədə isə Şamaxının 72 kəndində ermənilərin 7 min nəfəri, o cümlədən 1653 qadın və 965 nəfər uşağı öldürdükləri barədə məlumat verilir. Ümumilikdə o illərdə erməni vəhşiliyinin mənzərəsini, N.Nəri-manovun Şamaxı qırğını haqqında yazdığı fikirlərlə bilmək olur. O yazırdı: “T.Əmirovun və S.Lalayevin əvvəllər Bakıda olan silahlı dəstələri qərğın zamanı,  yaşına və cinsinə məhəl qoymadan bütün azərbaycanlıları-müsəlmanları öldü-rdülər. Onlar dünyada hələ görünməmiş bir cinayət törətdilər. Uşaqları süngüdən, qılıncdan keçirir və adamları məscidə dolduraraq kerosin töküb  yandırırdılar.

***
  Tarixə nəzər saldıqda görürük ki, erməni xisləti heç dəyişməmişdir. Belə ki, erməni vəhşiləri, mənin ata–baba yurdum olam Xocalını 1905 1918-ci ildə yandırararaq yerlə yekcan etmişlər. Uzun illər beynəlmiləlçiliyin təbliğ olunmasına baxmayaraq, fürsət düşən kimi öz çirkin əməllərini yenidən həyata keçirməkdən çəkinmədilər. Bu dəfə isə- 1988-ci il fevralın 13-də ermənilər 1828-ci ildə İran və Türkiyədən köçürülərək məskunlaşdıqları Qarabağın Dağlıq hissəsini Ermənistana birləşdirmək üçün mitinqlərə, nümayişlərə başladılar. Havadarlarından dəstək alaraq ard-arda Qarabağın yaşayış məntəqələrini işğal etdilər. Nəhayət, 4 il mühasirədə qalan Xocalı şəhərini 3-cü dəfə 366-cı motoatıcı sovet-rus alayı ilə birlikdə yer üzündən sildilər. Günahsız Xocalı sakinlərini amansızlıqla qətlə yetirdilər. XX əsrin sonlarında dünyanın gözü qarşısında Xocalı soyqrımı törədildi.

Mən həmin soyqrımının canlı şahidiyəm. O geçədə də, elə 1918-ci ilin martında olduğu kimi, nə qadına, nə qocaya, nə də uşağa rəhm olunmadı. Günahsız insanlar diri –diri yandırıldı, başları kəsildi, gözləri oyuldu və s. Bir gecədə yüzlərlə insan qətlə yetirildi. Törədilən qırğınların, işgəncələrin mənzərəsini milliyətcə erməni olan Davud Xeyriyanın yazdıqlarından da açıq görmək olur. O yazır: «…Xocalıdan bir neçə kilometr aralıda «Qaflan» adlı dəstənin əsgərləri bir maşın cəsədləri üst-üstə yığdılar. Onların arasında  şaxtadan göyərmiş, alnından və ayağından ağır yaralanmış bir uşaq ağır-ağır nəfəs alırdı. Həmin uşağı da əsgərlər cəsədlərin üstünə tullayaraq, üzərlərinə kerosin ataraq yandırdılar. Tonqaldan hıçqırıq səsi eşitdim. Hələ də bu səs qulaqlarımdan getmir».

Baxın aradan yalnız zaman ötür, erməni vəhşiliyi isə olduğu kimi özünü göstərir. 1948-ci il Cenevrə Konvensiyasına görə, bir millətə etnik mənsubiyyətinə görə məhv olunması soyqrım hesab olunur. Bu etnik təmizləmə ermənilərin əli ilə XX əsrdə Xocalıda baş verdi. Dünya ictimaiyyəti isə bu vandalizmə göz yumaraq susdu. Əksinə olaraq, ermənilərə havadarlarlıq edənlər, onlara arxa duraraq, törətdikləri cinayətlərə görə cəzalanmalarına imkan vermədilər və indi də vermirlər. Xocali soyqrımından 31 il keçməsinə baxmayaraq hələ də dünyada tam soyqırımı kimi tanınmayıb və hüquqi qiymətini də ala bilməyibdir.

1941-1945-ci illərdə Alman faşistlərinin yəhudilərə qarşı törətdikləri qətil cinayətlərini dünya soyqrım kimi tanıdı. 1996-cı ildə Yuqaslaviyada serblərin 7000-dən şox cavan oğlan və kişinin qəddarıqla öldürdüklərini bütün dünya bildi. Bir neçə il bundan əvvəl, mən Bosniya və Hersoqovini-yada Srebrenitsa anaları ilə görüşdüm. Onların həyat yoldaşları, oğulları, qardaşları, bir sözlə, doğmaları Serebrenitsa qətliyamının  qurbanlarıydı. Dərd ortağıydıq. Onlar düz 12 dəfə Haaqa Məhkəməsinə müraciət edərək istədiklərinə nail olmuşdular. Bosniyadaki serb ordusu 1995-ci ilin 11 iyulda etnik təmizləmə apararaq neçə-neçə evin işığını söndürmüşlər. Serb qoşunlarının tərkibində xidmət edən başqa millətdən olan əsgərlərdə olub. Törədilən qətliyam, sankı Xocalıdakının eyni olmuşdu. Başi pozuq, sərxoş əsgərlər günahsız insanları maşınlara dolduraraq  aparır, küt alətlərlə öldürürmüşlər. Xocalıda da ermənqilər şəhərin içində Kətik meşəsində girov götürdükləri insanları da belə qəddarlıqla öldürmüşlər.

 Yuqoslaviyada beynəlxalq tribunal yaradılb general Ratko Mladiçin başçılığı ilə müsəlmanlara qarşı törədilən qətillərə baxılaraq Qətliam statusu verilmişdir. Təəssüf ki, Xocalı soyqrımını törədənlər hələ də azadlıqdadır. Hələ də Xankəndidəki 366-cı moto- atıcı alayın 51 zabit və giziri cəzasız qalıbdır.

***

Azərbaycan dövlət müstəqilliyi əldə etdiyi ilk illərdə Xalqımızın Deportasiya edilməsi, soyqırımı haqqında fərman, 1990-cı il 20 Yanvar qırğınına və Xocalı faciəsinə siyasi-hüquqi qiymət verilməmiş və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparılmamışdır. Ulu Öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtıqdan sonra Milli Məclisin 29 mart 1994-cü il tarixli iclasında 20 yanvar faciəsi müzakirə edildi və ona siyasi-hüquqi qiymət verildi. Deportasiya və soyqırımı haqqında fərmanlar verildi. Şəhidlərimizin adları əbədiləşdirildi, abidələri ucaldıldı və ailələrinə dövlət qayğısı göstərildi. Bu siyasət bu gün də Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. 327 nəfər 20 yanvar əlili Prezident təqaüdü alır, 11994 nəfər birinci Qarabağ müharibəsi əlili (cəmi- 12321-dən çox), 49692 nəfər birinci Qarabağ müharibəsi veteranı və Şəhid ailəsi dövlət qayğısı ilə əhatə olunmuşdur (11). Hər il dövlət səviyyəsində anım tədbirləri keçirilir.

Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, Şəhidlər Xiyabanıdır. Hər il yüz minlərlə insan 31 mart soyqırımı qurbanlarının, vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün buranı ziyarət edirlər. Şəhidlərimizə rəhmət diləyir, torpaqlarımızın işğaldan azad olunması və  ərazi bütövlüyümüzün bərpa olunması xəbərini növbəti ziyarətədək vermək ümidində olurdular. Şükürlər olsun ki, bu arzu Ali Baş Komandan Cənab İlham Əliyevin, qəhrəman ordumuzun və xalqımızın birliyi sayəsində reallaşdı. Torpaqlarımız işğalından azad edildi. Təqvimimizə Zəfər günü düşdü. Biz şəhidlərimizi həmişə anacağıq. Amma inanıram ki, bundan sonra hər il qələbəmiz qeyd ediləndə şəhidlərimizin ruhu da bizimlə bərabər sevinəcəkdir…

Səriyyə Müslümqızı,

Tədqiqatçı-jurnalist

("Təzadlar"ın xüsusi müxbiri)

***

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN