Müstəqil dövlətimizin ədliyyə tarixinin ən şərəfli anları 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlanır. Belə ki, Ədliyyə Nazirliyinin təsis edilməsinə xüsusi əhəmiyyət verilərək 1918-ci il may ayının 28-də - Azərbaycan Demokratik Respublikasının elan edildiyi gün Ədliyyə Nazirliyi də yaradılmışdır.
Həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyəti ilə bağlı bir sıra qərarlar qəbul edilmiş, o cümlədən 1918-ci il noyabr ayının 14-də Azərbaycan Məhkəmə Palatasının Əsasnaməsi, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi təsdiq edilmişdir. Cəzaçəkmə yerləri ilə aparılan işin ədalət mühakiməsinin həyata keçirilməsində əhəmiyyəti nəzərə alınaraq hökumətin 1919-cu il 11 avqust tarixli qərarı ilə əvvəllər Daxili İşlər Nazirliyinin tərkibində olan həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyinə verilmiş, nazirliyin təşəbbüsü ilə "İstintaq hissəsinin quruluşu və gücləndirilməsi haqqında", "Məhkəmə idarəsi sahəsində vəzifələrə namizədlər haqqında", "Azərbaycan andlı iclasçılar məhkəməsinin təsis edilməsi haqqında", ADR-in yaranmasından ilyarımın keçməsi münasibətilə ümumi amnistiya haqqında və digər qanunlar parlamentin müzakirəsinə çıxarılmışdır. Azərbaycan Demokratik Respublikası 1920-ci il aprel ayının 27-28-də Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra inqilab komitəsinin 13 may 1920-ci il tarixli qərarı ilə Ədliyyə Nazirliyi ləğv edilmiş, Xalq Ədliyyə Komissarlığı yaradılaraq, onun səlahiyyətlərinə qanunvericilik layihələrinin hazırlanması, məhkəmə işçilərinin seçilməsi, təlimatlandırılması və onlara inzibati rəhbərlik edilməsi, qanunçuluğa ali nəzarət və istintaqın aparılması daxil edilmişdir. Lakin 1930-cu ildə bu komissarlıq ləğv edilərək onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Azərbaycan yenidən dövlət müstəqilliyi əldə etdikdən və Ulu öndər Heydər Əliyev ölkə rəhbərliyinə gəldikdən sonra ǝdliyyə orqanlarının işinin müasir tələblər səviyyəsinə qaldırılması üçün əsaslı tədbirlər həyata keçirildi, Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və əhəmiyyəti artdı, səlahiyyət dairəsi genişləndi. Ədliyyə işçilərində və hakimlərdə mənəvi stimul yaradılması məqsədilə onların peşə bayramı gününün müəyyən edilməsinə təşəbbüs göstərilərək 22 noyabr 1918-ci ildə Azərbaycan Demokratik Respublikası Ədliyyə Nazirliyinin Əsasnaməsinin təsdiq edildiyi günün Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi təsis edilməsi üçün dövlət başçısına müraciət edilmiş və ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə 22 noyabr Ədliyyə İşçilərinin Peşə Bayramı Günü kimi müəyyən edilmişdir.
Səbuhi Əliyev,
Bakı şəhəri, 4 saylı notariat ofisinin xüsusi notariusu