Qəzza zolağında Əl-Amal Xəstəxanasının yeganə elektrik generatoru fəaliyyətini dayandırıb.
Bu barədə Fələstin Qızıl Aypara Cəmiyyəti X sosial şəbəkəsində məlumat yayıb.
"Bu gün Xan-Yunisdəki QAC əlaqəli Əl-Amal Xəstəxanasında yeganə elektrik generatoru işləməyi dayandırdı. Bu, müalicə alan 90 xəstənin həyatını təhlükə altına qoyur, onlardan 25-i tibbi reabilitasiya şöbəsindədir və hazırda ölüm riski altındadır. Bundan əlavə, 9 minə yaxın məcburi köçkün xəstəxananın binalarına sığınıb”, – QAC öz səhifəsində yazır.
Qeyd olunduğu kimi, xəstəxanada hazırda yalnız doğum şöbəsini və təcili işıqlandırmanı gücləndirmək üçün çox kiçik generatordan istifadə edilir, qalan yanacağın 24 saat ərzində tükənəcəyi gözlənilir.
Bundan əvvəl Qəzzadakı xəstəxanaların resurslarının 48 saatadək bəs edəcəyi məlum olub.
Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında HƏMAS terror qrupu tərəfindən Qəzza zolağından İsrailə raket hücumları başlayıb və silahlı qruplar ölkənin ərazisinə soxularaq polis idarəsini zəbt ediblər, mülki insanları girov götürüblər. Minlərlə insan həyatını itirib. İsraildə müharibə vəziyyəti elan olunub.
Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri Qəzzada qalan sakinlərin çıxmasına icazə vermək üçün bu şəhərdə döyüşləri dörd saat müddətinə dayandırıb.
JASMİN