Banqladeşin paytaxtı Dəkkə şəhərində yeddi mərtəbəli binada baş verən yanğın nəticəsində azı 43 nəfər ölüb, onlarla insan yaralanıb.
Tezadlar.az xəbər verir ki, bunu Banqladeşin səhiyyə naziri Samanta Lal Sen cümə axşamı Dəkkə Tibb Kolleci Xəstəxanasına və ona bitişik yanıq xəstəxanasına baş çəkdikdən sonra deyib: "Yanğın indiyədək 43 nəfərin ölümünə səbəb olub".
Onun sözlərinə görə, daha 22 nəfər ağır yanıq xəsarətləri ilə müalicə olunur və onların vəziyyəti ağırdır.
Yanğınsöndürmə xidmətinin sözçüsü Məhəmməd Şihab bildirib ki, yanğın cümə axşamı günü axşam saat 21.50-də Dəkkənin Beyli yolunda yerləşən məşhur restoranda baş verib və tez bir zamanda yuxarı mərtəbələrə yayılaraq onlarla insanı tələyə salıb. “Associated Press” xəbər verir ki, yanğının nədən baş verdiyi məlum deyil.
Yanğınsöndürənlər iki saat ərzində alovun qarşısını alıblar. Yanğınsöndürmə xidmətinin bəyanatında deyilir ki, onlar 75 nəfəri xilas ediblər. Sağ qalan Məhəmməd Altaf jurnalistlərlə söhbətində sınmış pəncərədən möcüzəvi şəkildə yanğından necə xilas olduğunu danışıb. Onun sözlərinə görə, iki həmkarı dünyasını dəyişib. Əsasən restoranların, eləcə də bir neçə geyim və mobil telefon mağazalarının yerləşdiyi binada bir çox insan ailələri, o cümlədən uşaqlar ilə şam yeməyi yeyirdi. Həkimlərin sözlərinə görə, ölənlərin əksəriyyəti boğularaq ölüb, bəziləri isə binadan atılaraq ölüb.
Banqladeşdə təhlükəsizlik qaydalarına riayət edilməməsi səbəbindən yaşayış binalarında və fabrik komplekslərində yanğınlar tez-tez baş verir. 2021-ci ilin iyul ayında qida emalı fabrikində baş verən yanğında çoxu uşaq da daxil olmaqla ən azı 52 nəfər həlak oldu. 2019-cu ilin fevralında Dəkkədə bir neçə çoxmənzilli binada baş verən güclü yanğın nəticəsində 70 nəfər həlak olub.
E.ŞİRİNOV