Qanunvericilik fəaliyyəti üzrə hökumət komissiyası Rusiya Federasiyası Xarici İşlər Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin Avrasiya İqtisadi İttifaqı ölkələri ilə İran arasında azad ticarət zonasının yaradılması haqqında tam formatlı sazişin ratifikasiyası haqqında qanun layihəsini dəstəkləyib.

Tezadlar.az xəbər verir ki, bu barədə komissiyaya yaxın mənbə məlumat verib.

Sazişin imzalanması Ali Avrasiya İqtisadi Şurasının Sankt-Peterburqda keçirilən iclası çərçivəsində 2023-cü ilin dekabrında baş tutub. Mərasimdə sənədi Avrasiya İqtisadi Komissiyasının İdarə Heyətinin sədri Mixail Myasnikoviç, Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk və İranın sənaye, mədən və ticarət naziri Abbas Əli-Abadi imzalayıblar. Müqaviləni Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan nümayəndələri də imzalayıblar.

“Hökumətin Qanunvericilik Fəaliyyəti Komissiyası bu qanun layihəsini dəstəkləyib”, - mənbə bildirib.

Hökumət komissiyası tərəfindən təsdiqləndikdən sonra qanun layihəsi Dövlət Dumasına təqdim ediləcək.

Dekabrda sənədin imzalanmasından sonra Rusiya prezidenti Vladimir Putin qeyd edib ki, bu, qeyri-tarif maneələrinin əhəmiyyətli dərəcədə azaldılmasını və Rusiya və İranın işgüzar dairələri arasında kommersiya əməkdaşlığının nəzərəçarpacaq dərəcədə yaxşılaşmasını nəzərdə tutur. Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi izah edib ki, Tehran ölkəyə cari Rusiya ixracatının 95%-dən çoxu üçün tarif imtiyazları verəcək, həmçinin proqnozlaşdırıla bilən və şəffaf ticarət rejimi yaradacaq. Avrasiya İqtisadi Komissiyası bəyan edib ki, İranla azad ticarət zonasının yaradılması yaxın 5-7 il ərzində onun Aİİ ölkələri ilə ticarət həcmini ildə 18-20 milyard dollara çatdırmağa imkan verəcək.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN