DİN Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən paytaxt ərazisində keçirilən növbəti tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Əli Valehov və qohumu əvvəllər məhkum olunmuş Elçin Abdurəhimov saxlanılıblar. Onların üzərindən, ev və avtomobillərindən 42 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana, elektron tərəzi və narkotiklərin təmassız satışında istifadə olunan bank kartı aşkarlanıb.
DİN-dən Tezadlar.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, Ə.Valehov və E.Abdurəhimov “Kərim” adlı şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı ilə əlbir olaraq ölkəyə narkotiklərin gətirilməsini təşkil ediblər. Saxlanılanlar qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən marixuananı Siyəzən rayonunda dəniz kənarından əldə etdiklərini bildiriblər. Hər iki şəxs narkotikləri maddi qazanc əldə etmək məqsədi ilə Bakı şəhərində ayrı-ayrı ünvanlara yerləşdirməli imişlər. Ə.Valehov və E.Abdurəhimov ölkə ərazisində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən əsas şəxslərdən olublar.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
***
Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən Murad Bağırov saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, ondan 6 kiloqram narkotik vasitə olan marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Murad Bağırovun barəsində həbs qətimkan tədbiri seçilib.
***
Şəki Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 49 yaşlı Astara rayon sakini İlyas Dadaşov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Tezadlar.az-a bildirilib ki, ondan 2 kiloqram 100 qram heroin və 3 kiloqram marixuana aşkar olunub. Araşdırmalarla İ.Dadaşovun maddi qazanc müqabilində şəxsiyyəti istintaqla araşdırılan şəxs tərəfindən narkokuryerliyə cəlb olunduğu müəyyən edilib. O, qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən həmin 5 kiloqram narkotik vasitəni sifariş əsasında Rusiya Federasiyası ilə sərhədyanı əraziyə çatdırmalı və bunun qarşılığında 1500 manat gəlir əldə etməli imiş.
Məhkəmənin qərarı ilə İ.Dadaşov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.
***
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Tezadlar.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Faiq Hüseynov saxlanılıb. Onun idarəsində olan avtomobildən və Bakı şəhərində yaşadığı evdən külli miqdarda metamfetamin, heroin, marixuana və metodon həbləri aşkar edilib. Eyni zamanda onun narkotik vasitəni satdığı rayon sakini Ələmdar İsmayılov da saxlanılıb. Ondan da külli miqdarda metamfetamin götürülüb.
Araşdırma zamanı F.Hüseynov həmin narkotikləri sosial şəbəkədə tanıdığı "Samirə" və "Rza" adlı İran sakinləri vasitəsi ilə əldə etdiyini və onların dediyi ərazilərə çatdıraraq narkokuryerliyə cəlb olunduğunu bildirib.
R.XUDATQIZI