“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində Xəzər dənizinin Astara rayonu sahilində, Siyəzən rayonu Zarat kəndində, Yevlax şəhəri Ceyhun Mustafayev küçəsində, Tərtər-Ağdərə avtomobil yolunun ətraf ərazilərində, Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndində, Bolqarçayın Biləsuvar rayonu ərazisindən keçən hissəsində iməciliklər keçirilib.
Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirliklərinin yerli qurumlarının əməkdaşlarının, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyələrin, yerli kommunal müəssisələr kombinatlarının, yerli suvarma sistemləri idarələrinin nümayəndələrinin, sakinlərin və könüllülərin iştirakı ilə keçirilən iməciliklər zamanı 4 tondan artıq tullantı yığılaraq ərazilərdən daşınıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, ümumrespublika Təmizlik Marafonu hər həftənin 4-cü və 6-cı günləri bütün ölkə ərazisində keçirilir və ərazilər barədə elan öncədən Nazirliyin sosial şəbəkə hesablarında paylaşılır. Hər kəsi bu aksiyalarda yaxından iştirak etməyə, tullantıların düzgün idarə olunmasına və ictimai nəzarəti təmin etməyə dəstək olmağa çağırırıq.
R.XUDATQIZI