Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən xidməti müşavirə keçirilib.
FHN-in mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, müşavirə Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət yanğın nəzarəti idarəsinin xidməti sahəsinə daxil olan Abşeron, Binəqədi və Qaradağ rayonları ərazisində yerləşən mühüm əhəmiyyətli, təhlükə potensiallı obyektlərdə, həmçinin yaşayış sektorunda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, eyni zamanda qarşıda duran vəzifələr və onların həlli yollarının müzakirəsi məqsədilə təşkil olunub.
Tədbirdə FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi daxili xidmət polkovniki Cəmil Xudiyev, Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Hacıbaba Babayev, Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Yusif Sadıqov, “Azərişiq” ASC və “Azəriqaz” İB-nin məsul əməkdaşları, rayon polis şöbələrinin nümayəndələri, inzibati ərazi dairələri üzrə nümayəndəliklərin rəhbər şəxsləri, bələdiyyə sədrləri və iri sahibkarlar iştirak ediblər.
Müşavirədə məişət və istehsalat tullantılarının qanunsuz yığıldığı ərazilərin təmizlənməsi, nasaz yanğın su hovuzlarının və hidrantlarının bərpası, mühüm əhəmiyyət kəsb edən, eyni zamanda təhlükə potensiallı müəssisələrin, yaşayış binalarının, eləcə də insanların kütləvi toplaşdığı obyektlərin yanğına qarşı vəziyyəti müzakirə olunub, nöqsanlar və pozuntular diqqətə çatdırılıb və problemlərin aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıqlar verilib.
Müşavirədə COP29 ərəfəsində yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi məqsədilə qarşılıqlı fəaliyyətin gücləndirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsinə dair planlar müzakirə edilib.
R.XUDATQIZI