İranın İsrailə raket hücumu özünümüdafiə aktı idi.
Tezadlar.az xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Abbas Araqçi deyib.
O, bu hüququn BMT Nizamnaməsinin normalarında təsbit edildiyini vurğulayıb.
"İran yalnız BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq qanuni müdafiə hüququndan istifadə edib və müstəsna olaraq hərbi bazaları və təhlükəsizlik obyektlərini hədəfə alıb", - deyə Araqçi vurğulayıb.
İran Xarici İşlər Nazirliyi dəqiqləşdirib ki, Araqçi artıq Almaniya, Fransa, Böyük Britaniya və digər ölkələrdən olan həmkarları ilə telefon danışıqları aparıb. Gündəlikdə İranın İsrailə hücumu və Qəzza zolağındakı vəziyyətlə bağlı məsələlər olub. Nazir qeyd edib ki, İran bir neçə aydır ki, İsrailin Livan və Qəzzaya hücumları fonunda təmkin nümayiş etdirir.
Qeyd edək ki, oktyabrın 1-i axşam saatlarında İran ballistik raketlərlə İsrailə hücum edib. İki dalğada - ümumilikdə 400-ə yaxın mərmi atılıb. İnternetdə yayımlanan görüntülərdə səmada onlarla raket diqqət çəkib.
Yəhudi xarici işlər naziri İsrael Katz öz növbəsində İran hökumətinin İsrail ərazisinə kütləvi hücuma keçməklə qırmızı xətti keçdiyini bildirib. Nazir vurğulayıb ki, dünya ictimaiyyəti Tehranla qarşıdurmada Təl-Əvivi dəstəkləməlidir. Katz əlavə edib ki, İsrail bu vəziyyətdə İsrailə dəstək verən ölkələrin hərəkətlərini unutmayacaq.
E.ŞİRİNOV