Oktyabrın 9-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsinin təşkilatçılığı ilə Zərdab şəhər “Cümə” məscidndə “Dini məzhəbçilik meyillərinin mili birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda tədbir təşkil olunub.
Tezadlar.az xəbər verir ki, Dövlət Komitəsinin regional bölməsinin müdiri vəzifəsini icra edən Əzim Rəfiyev, Zərdab rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Murad Həsənov, dini icma sədrləri, din xadimləri və dindarların iştirak etdiyi tədbir Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə başlanıb.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh, qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Çıxışlarda, həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.
R.XUDATQIZI