Oktyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə Oğuz rayonunda “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə dini qurumların rolu” mövzusunda təlim keçirilib.
Tezadlar.az xəbər verir ki, təlimdə DQİDK-nın məsul əməkdaşları Samir Yoldaşov, Aslan Sultanov, Ramil Baxşəliyev, Taleh Abdullayev, Şəki, Oğuz, Qəbələ rayon icra hakimiyyətlərinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinləri Ayaz Ağayev, Sadiq Yusifov, Pərviz Ağayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Kamran Məmmədov, regionun din xadimləri və dini icma sədrləri iştirak ediblər.
Çıxışlarda qeyd olunub ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Maliyyə Monitorinqi Xidmətinin birgə təşkilatçılığı ilə paytaxtda, eləcə də regionlarda bu cür təlimlər mütəmadi həyata keçirilməkdədir. Vurğulanıb ki, təlimlərin keçirilməsində məqsəd din xadimlərini cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə ilə bağlı məlumatlandırmaqdır. Eyni zamanda iştirakçılara cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına qarşı mübarizə sahəsində dövlət proqramları və respublikamızın qoşulduğu beynəlxalq təşəbbüslər barədə geniş məlumat verilib.
Təlim müzakirələrlə davam etdirilib.
R.XUDATQIZI