İspaniya polisi İTV-nin britaniyalı müxbiri Conatan Svain-in canlı yayımına mane olub və onu məkanı tərk etməyə məcbur edib.
Tezadlar.az xəbər verir ki, hadisə ilə bağlı “Express” nəşri məlumat yayıb.
Svain "Günaydın Britaniya" üçün İspaniyadakı dağıdıcı daşqınların nəticələri haqqında hekayə çəkib. Xüsusilə, o, yerli sakinlərin hakimiyyət orqanlarının kifayət qədər kömək etməməsi ilə bağlı şikayətlərindən danışıb. Süjet yayımlanandan sonra studiyadakı teleaparıcılar jurnalistlə canlı yayım etmək istəsələr də, buna nail ola bilməyiblər. "Biz onunla canlı danışa bilmərik, çünki o, polis tərəfindən dayandırılıb", - deyə aparıcı Kate Garravay izah edib.
Eyni zamanda, kameraya düşən hadisənin videosu qismən efirdə nümayiş etdirilib. Kadrlardan görünür ki, Svain evin damından veriliş aparmağı planlaşdırıb, lakin asayiş keşikçiləri onun şəxsi mülkdə olduğunu qeyd edərək onu oradan uzaqlaşdırıblar.
İTV əməkdaşı polisə vəsiqəsini də göstərməli olub. "Düşünürəm ki, siz indi jurnalistləri yox, itkin insanları axtarmalısınız", - Svain onlara deyib.
Qeyd edək ki, oktyabrın 29-da İspaniyanı vuran şiddətli fırtına bir neçə saat ərzində bir sıra əyalətlərə iki illik yağış yağdırıb. Yerli sakinlər sudan xilas olmaq üçün damlara və işıq dirəklərinə qalxmalı olublar.
E.ŞİRİNOV