Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailələrimizi tanıyaq” layihəsi davam edir. Layihənin məqsədi sağlam və güclü təməllər üzərində qurulan, ailə dəyərlərinə önəm verərək yaşadan nümunəvi ailələri cəmiyyətə tanıtmaq və bu istiqamətdə təşviqat işini aparmaqdır.
Növbəti qonağımız İsmayıllı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrindən biri olan Göyüşovlar ailəsidir.
Tezadlar.az xəbər verir ki, Ədalət Göyüşov və Sabirə xanım 32 ildir ki, birgə ömür sürürlər. Bu evlilikdən 4 övladları (3 qız, 1 oğlan), 8 nəvələri var, bütün övladları ali təhsillidirlər.
Ədalət Göyüşov Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakütəsində təhsil alıb. Təyinatla İsmayıllı rayonunun əvvəllər Əzizbəyov sovxozu adlandırılan Ruşan kəndində baş aqronom kimi fəaliyyətə başlayıb, sonralar İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan kənd İnzibati Dairəsi üzrə nümayəndəsi, bələdiyyə sədri kimi fəaliyyətini davam etdirib. Hal-hazırda sahibkarlıqla məşğul olur. Həyat yoldaşı Sabirə Göyüşova evdar qadındır, həyatını övladlarının təlim-tərbiyəsinə həsr edib.
Sabirə Göyüşova: Xoşbəxt evliliyin sirri qarşılıqlı anlaşmadadır. Bir-birini başa düşməkdə, bir-birinə qarşılıqlı hörmət etməkdədir. Sevgi də hörmətdən yaranır. Ailədə bir-birinə olan qarşılıqlı hörmət, ətrafında olan, tanıdığın, ünsiyyət qurduğun və tədricən tanımadığın insanlara belə sirayət edir.
Ədalət Göyüşov: Valideyn olmaqdan başqa biz həm də övladlarımızla dostuq, ürək sözlərimizi bir-birimizə deməyi bacarırıq. Uşaqlara sevgi, diqqət, qayğı göstərəndə onlar da qarşılığında həmin münasibəti sənə göstərirlər.
R.XUDATQIZI