Biləsuvarda Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Məcidzadə Saleh Nəriman oğlunun Nəsimikənd kəndində və Ağayev Saleh Nurəddin oğlunun Günəşli kəndində xatirəsi ehtiramla anılıb.
Məlumata görə, şəhidlərimizin anım mərasimlərində qəhrəmanlarımızın şərəfli döyüş yolundan danışılaraq onların əziz xatirəsi yad edilib.
Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin bundan sonra da daim əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaqdır. Tədbir zamanı qəhrəman şəhidlərimizin məzarları ziyarət olunaraq, yaşadıqları evlərə vurulan xatirə lövhələrinin açılışı olub.
Qeyd edək ki, Ağayev Saleh Nurəddin oğlu - 30 aprel 1992-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində anadan olub. Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Saleh Ağayev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən başlayan Vətən müharibəsində iştirak etmiş, Cəbrayıl rayonu istiqamətində gedən döyüşlərdə vuruşmuş və düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olub. Şəhid Saleh Ağayev 12 oktyabr 2020-ci il tarixdə Biləsuvar rayonu Günəşli kənd qəbristanlığında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Saleh Ağayev ölümündən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Məcidzadə Saleh Nəriman oğlu - 16 iyul 1994-cü ildə Biləsuvar rayonunun Nəsimikənd kəndində anadan olub. Saleh 2011-ci ildən universal idman növü ilə məşğul olmağa başlayıb. O, qatıldığı bütün idman yarışlarının qalibləri cərgəsində olub. Ordu idman növləri üzrə keçirilən yarışlarda yüksək nəticələr əldə edib.
2015-ci ildə həqiqi hərbi xidmətə çağırılaraq Qusar rayonunda kəşfiyyat bölməsində xidmət edib. 2017-ci ildən xüsusi təyinatlı qüvvələrdə gizir kimi hərbi xidmətini davam etdirib.
O, 2016-cı il aprel döyüşlərində və Tovuzda düşmən diversiya qrupunun məhv edilməsində iştirak etdiyinə görə komandanlıq tərəfindən təltif edilib.
Saleh Məcidzadə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 27 sentyabr 2020-ci il tarixdən Vətən müharibəsinə qatılaraq bir çox döyüşlərdə qəhrəmanlıq göstərib. O, 11 oktyabr 2020-ci ildə Cəbrayıl rayonunun Daş Veysəlli kəndinin düşməndən azad olunması zamanı şəhid olub. 12 oktyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Nəsimi kəndində dəfn olunub.
Xatırladaq ki, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə Saleh Məcidzadə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə, "Vətən uğrunda","Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", “Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib.
E.ŞİRİNOV