Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 2 milyarddan çox insanı olan İslam dünyasının maraqlarını nəzərə alan yeni dünya düzəninin yaradılmasının zəruriliyini bəyan edib.
"Ədalət olmayan yerdə sülh, əmin-amanlıq və bəşəriyyətin inkişafı ola bilməz. 2 milyarddan çox əhalisi olan İslam dünyasının təmsil olunmadığı ədalətli sistem ola bilməz", - Ərdoğan Malayziyanın paytaxtı Kuala Lumpurda BMT haqqında danışarkən deyib.
"İqtisadiyyat, diplomatiya, ticarət, təhlükəsizlik problemlərini həll etmək üçün yeni anlayışa və yeni dünya nizamına ehtiyacımız var. Ədalətli, əməkdaşlıq və etimada əsaslanan sistemin qurulması üstünlük deyil, zərurətdir", - Türkiyə lideri qeyd edib.
Tezadlar.az xəbər verir ki, Ərdoğanın açıqlamalarını “TRT Haber” telekanalı yayıb.
Ərdoğan dünyada yaranan böhranları həll etmək iqtidarında olmayan Birləşmiş Millətlər Təşkilatının sürətli islahatına ehtiyac olduğunu əvvəllər dəfələrlə bəyan edib. Onun fundamental tezisləri 2021-ci ilin sentyabrında nəşr olunan “Daha Ədalətli Dünya Mümkündür” kitabında öz əksini tapıb. Orada o, qlobal siyasətin problemlərinə diqqət çəkib: miqrasiya böhranı, beynəlxalq terrorizm, islamofobiya, ayrı-seçkilik, ikili standartlar.
E.ŞİRİNOV