“30 may 2021-ci il tarixdə elektrik qısaqapanmasından evimiz alışaraq içindəki əşyaları ilə birlikdə tamamilə yanaraq, külə döndü. Həmin gündən bəri mən çöllərdə qalmışam”.
Bunu Göyçay rayonunun İnçə kənd sakini, şəhid anası Abdulxalıqova Solmaz Heydər qızı redaksiyamıza ünvanladığı şikayət məktubunda yazıb. Bildirib ki, dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olub, lakin heç bir tədbir görülməyib: “Övladım Abdulxalıqov Teymur Cayəddin oğlu 7 yanvar 1994-cü il tarixdə Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid oğlub.
Heç bir yerdən köməyim olmasa da, bir ümidim odur ki, dövlətimiz şəhid ailələrinə pulsuz mənzil verir, ya da inşa edir. Mən də həmin mənzilin növbəsinə uzun illər əvvəl qeydiyyata alınmışam. Ancaq hələ də növbəmin çatmamasını əsas gətirib mənə mənzil verməyiblər. Evimizin yanmasını və çöllərdə qalmağımızı nəzərə alıb mənə növbədənkənar yeni mənzilin verilməsi və ya inşa edilməsi üçün dəfələrlə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadənin qəbulunda olsam da, hər dəfə “get, növbəni gözlə” deyərək məni başından edib.
Hər bir kəs başa düşər ki, mənim evim yanaraq külə dönüb, çöllərdə qalmışam və 80 yaşım var. Bunu başa düşüb nəzərə almaq lazımdır. Ancaq Göyçayın icra başçısı Mehdi Səlimzadə bunu başa düşmür”.
Məsələ ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətindən bldirilib ki, yeni mənzillər tikildiyi halda, şəhid anası mənzillə təmin olunacaq: “Abdulxalıqova Solmaz Heydər qızı icra başçısı tərəfindən qəbul olunub. Həmçinin güzəştli mənzil uçotuna alınıb. Hazırda yeni bina tikilməyib. Tikildiyi halda mənzillə təmin olunacaq”.
E.ŞİRİNOV