Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan ötən il noyabrın 20-də silahlı qüvvələrin Baş qərargah rəisi Onik Qasparyanla baş tutmuş telefon söhbəti barədə danışıb. Bildirib ki, həmin telefon söhbəti zamanı həqiqətən baş nazir Nikol Paşinyanın ünvanına sərt ifadələr işlədib, amma söyüş söydüyü yadında deyil.
Xatırladaq ki, bu telefon söhbəti barədə Paşinyan Tavuş vilayətində seçicilərlə görüşündə danışıb. Və telefon söhbətinin dinləndildiyini təsdiq edib. Deyib ki, Onik Qasparyan noyabrın 20-də “nəyə görəsə” Serj Sərkisyana zəng vurub. “Məni ən axırıncı söyüşlərlə söydülər”,-o bildirib.
Serj Sərkisyan Yerevanda seçicilərlə görüşündə bu haqda danışaraq deyib ki, Onik Qasparyanın ona zəng vurması və Paşinyandan şikayətlənməsi təəcüblü idi. Çünki Qasparyan Paşinyanın həmyerlisidir, onu vəzifəyə qoyan və rütbə verən də Paşinyan olub.
“Faktı təsdiq edirəm, bəli, zəng olub. Noyabrın sonlarında, səhv etmirəmsə, ayın 20-də biz danışdıq. Bəli, sərt sözlər olub, amma yadımda deyil ki, biz söyüş söydük, ya yox. Nə etməliydik? Tərifləməliydik ki, 5 min itki var, torpaqların yarısını veriblər?”,-Serj Sərkisyan bildirib.
Sərkisyan deyib ki, telefon söhbəti zamanı Qasparyan ona Sünikdə olduğunu, təhvil verilməli olandan daha çox ərazi verildiyini deyib. Bu vaxt Sərkisyan ona məsləhət görüb ki, general paqonlarını korlamasın və üçtərəfli razılaşmada nəzərdə tutulmayan qərarların icrasında iştirak etməsin.
“O, (Paşinyan,-red.) şifahi razılaşma əsasında Qubadlı rayonundan Azərbaycana 288 kv.kilometr ərazi verdi. Əgər bunu etməsəydi, Sünik indi daha təhlükəsiz olardı”,-Sərkisyan bildirib.
Keçmiş prezident qeyd edib ki, Qasparyan “ən yaxşı hərbçilərdən biri idi”, amma onun Paşinyandan şikayət etməsi “gülməlidir”. “Bəyəm bu gülməli deyilmi ki, öz həmyerlisindən rütbə və vəzifə alan adam mənə zəng vurur və özünü ali baş komandan adlandıran adamdan şikayətlənir?”,-o deyib.
Xatırladaq ki, 10 noyabr üçtərəfli razılaşması imzalanarkən Qubadlı rayonunun Ermənistanla sərhəd bəzi əraziləri hələ düşmənin nəzarətində idi və həmin razılaşmada bu haqda heç nə deyilmirdi. Lakin daha sonra, dekabr ayında Azərbaycan ordusu Ermənistanla sovet dövrü sərhədlərini bərpa etməyə başladı və Qubadlının qalan əraziləri də işğaldan azad olundu.