Bakıda supermarketlərin birindən alınan şokoladın içərisindən qurd çıxıb.
Bu barədə alıcı məlumat verib.
Bildirib ki, paytaxtın Xətai rayonu, Süleyman Vəzirov küçəsində yerləşən supermarketlərin birindən aldığı şokoladı yeyərkən onun qurdlandığını görüb: "Noyabrın 2-də supermarketdən “Konfil Batonçik ASSO” adlı yarım kiloqram şokolad aldım. Şokoladı yeyən zaman birinin içərisindən qurd çıxdı. Dərhal digər şokoladları da açıb baxdım, o birilər də köhnəlmiş, ovulub tökülürdü. İstehsal və son istifadə tarixini nə qədər axtardıqsa da, tapa bilmədik”.
Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, məhsul 2 səbəbdən qurdlaya bilər: "Hətta təzə məhsul belə elə şəraitdə saxlana bilər ki, o çürüyüb qurdlaya bilər. Onun ya saxlanma şəraiti uyğun olmayıb, ya da yararlılıq müddəti keçib. Bu iki səbəbdən biri onun qurdlanmasına yol açıb”.
E.Hüseynovun sözlərinə görə, belə məhsul satan şəxslər 1 500 manat cərimələnə bilər: "Nazirlər Kabinetinin 94 saylı qərarına görə, ölkənin qida bazarında satılan bütün ərzaq malları bükülməli, üzərində istehsal və son istifadə tarixləri olmalıdır. Hazırkı vəziyyət onu göstərir ki, konfetlərin istehsalçı tərəfindən istehsal və yararlılıq müddəti onun qablaşdırmasının üzərində yazılır. Tək-tək konfetlərin üzərində yazılmır. Yararlılıq vaxtı keçəndən sonra Azərbaycanda bu konfetlər atılmır, yeşiklərə boşaldılaraq yenidən satılır. Bəzən də belə yeşikləri axtaranda dibindən qurd çıxır”.
Ekspert bildirib ki, şokoladların qurdlaması faktına tez-tez rast gəlinir.
E.ŞİRİNOV