Bakının Nəsimi rayonunda yol qəzası baş verib - bir nəfər xəsarət alıb, 7 avtomobil zərər görüb.
Hadisə gecə saatlarında metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında qeydə alınıb. Zəncirvari yol nəqliyyat hadisəsi zamanı “Hyundai”, “Toyota”, “Renault”, “Mercedes”, “Toyota Prado”, “Hyundai” və “KİA” markalı nəqliyyat vasitələrinə ciddi maddi ziyan dəyib.
Hadisə zamanı ölən olmasa da, xəsarət alan olub. Faktla bağlı hadisə yerinə Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib, qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.
Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli hadisə ilə bağlı bildirib ki, hadisə avtoxuliqanlıq zəminində baş verib:
İlkin məlumatlara görə, qəzaya “Hyundai” və “Toyota” markalı avtomobillərin sürücülərinin avtoxuliqanlıq etməsi səbəb olub. Hadisə zamanı 7 maşına ziyan dəyib onlardan üçü əzilib, yəni ciddi maddi ziyan dəyib. “Toyota” markalı avtomobilin sürücüsü hadisə yerindən qaçıb. Hazırda onun kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür. Araşdırmanın sonunda yol nəqliyyat hadisəsinə səbəb olan bütün şəxslər məsuliyyətə cəlb ediləcəklər, ictimaiyyətə əlavə məlumat veriləcək”.
TEZADLAR.AZ