İndi məlum olur ki, Tel-Əvivdə inşa edilmiş iki mülk məşhur bizmesmen Telman İsmayılovun oğlunun adına sənədləşdirilibmiş.
Bu barədə kommersant.ru xəbər verir. Bildirilir ki, Moskvadakı Çerkizov bazarının keçmiş sahibi Telman İsmayılovun ailəsinə məxsus, 3 milyon dollar dəyərində iki binaya həbs qoyulub. Adı maliyə qalmaqalında hallanan T.İsmayılovun İsraildəki bu iki mülkünə Moskva hüquq-mühafizə orqanlarının Tel-Əvivə rəsmi müraciətindən sonra əl qoyulub.
Xatırladaq ki, barəsində qətllərin təşkili, maliyyə fırıldaqları və digər ağır cinayətlər üzrə məhkəmə prosesi başladılan məşhur biznesmeni Çernoqoriya hakimiyyəti Rusiyaya verməkdən imtina edib. VTB isə üzərinə həbs qoyulan məhz bu iki daşınmaz əmlakın hesabına xaricdə gizlənən sahibkarın borclarını ödətdirməyə ümid bəsləyir.
Saytın məlumatında qeyd edilir ki, məhkəmə BM bankın iddiası əsasında Tel-Əvinin mərkəzində yerləşən, sahələri 534 və 621 kvadrat metr olan mülklərə həbs qoyulması barədə qərar çıxarıb. Buna səbəb Çerkizov bazarının keçmiş sahibinin 2012-ci ildə BM bankdan aldığı böyük məbləğdə krediti qaytara biməməsidir. Hazırda borcun 13,5 milyard rubl (168,8 milyon dollar) olduğu bildirilir.
Bundan başqa, T.İsmayılov DİN-nin Moskva vilayəti üzrə Baş idarəsi tərəfindən qəsdən müflis olma maddəsi üzrə qiyabi ittiham edilir. Sahibkar özünün bütün aktivlərini qohumlarının və müvəkkil şəxslərin adına keçiribmiş. Bu iş üzrə dövlətə vurulan ziyanın həcmi 185 milyon dollardan çoxdur.
E.ŞİRİNOV