"Baş icra məmuru Şamil Hacıyevin başqa şəxslərlə yaşadığımız evə gələrək, azyaşlı övladlarımı parkda gəzdirmək adı altında həmin əraziyə aparması və oradan da polis maşını ilə birbaşa məhkəməyə gətirməsi nə müsbət hal sayılır, nə də qanunvericiliklə müəyyən olunur"

Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsi, ev 1 A ünvanında yaşayan Tanarquliyev Elçin Allahverdi oğlu tərəfindən dövlət başçısına müraicət ünvanlanıb.

Müraciətdə deyilir:

"Hörmətli cənab Prezident!

Sizə müraciət etməkdə məqsədim ailə-məişət zəminində yaranmış olan problemin uzun illərdir yaratdığı ağır nəticələrdən və günahsız olduğum halda, haqsız yerə cəzalandırılmağım haqqında bəzi qaranlıq məqamları diqqətinizə çatdırmaqdan ibarətdir. Bildirirəm ki, keçmiş həyat yoldaşım Məmmədova Rəşidə İbrahim qızı ilə aramızda 03.03.2015-ci il tarixdə bağlanmış 85 saylı nikahın 28.12.2018-ci ildə pozulmasına səbəb övladlarım 1 yaş altı aylıq Tanarquliyeva Ruqəyyanı və 6 aylıq Tanarquliyeva Fatiməni ataraq evdən çıxıb getməsi olmuşdur. Qeyd etdiyim hallar məhkəmə materiallarında öz əksini tapmışdır. 5 ilə yaxın müddətdə övladları ilə maraqlanmayan ana öz iradəsindən asılı olmayaraq, kənar şəxslərin təsiri altında övladlarıma sahib çıxmağa çalışır. Bu da üzərimdə müəyyən öhdəliklər və inzibati məsuliyyət yaradır. Belə ki, keçmiş həyat yoldaşımın anası - Sevda Abbasovanın yersiz müdaxilələrinin nəticəsində uzun illərdir məhkəmələr qurulur, iki azyaşlı övladım dəfələrlə Şəmkir Rayon İcra və probasiya şöbəsinə dəvət olunur və indi də bu proses hüquqi müstəvidə davam etməkdədir. Qanunun aliliyinə hörmətlə yanaşaraq, hər dəfə qeyd etmişəm ki, uşaqlar özləri analarına getmək istəmədiklərinə və mənim yanımda qalmaq istədiklərinə görə məni cəzalandırmaq məsələyə mənəvi tərəfindən ədalətsiz yanaşmadır və bu, çox ağrılı bir prosesdir.

Əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, prosesin hüquqi cəhətdən tənzimlənməsi işinin həyata keçirilməsində Şəmkir Rayon İcra Hakimiyyəti Aparatında böyük məsləhətçi, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Əsgər Ələsgərovun, İcra və probasiya şöbəsinin icra məmurlarının, mənim və qarşı tərəfin də iştirakı ilə akt tərtib edilmiş və həmin müayinə aktına əsasən, müəyyən olunmuşdur ki, övladlarımın hər ikisi heç bir öyrədilmə halları olmadan öz fikirlərini müstəqil şəkildə ifadə edərək, mənim yanımda qalmaq istədiklərini bildirmişlər. Bu görüşlərin iki il əvvəl də bir neçə dəfə təşkil olunmasına baxmayaraq, məhkəmə tərəfindən 10 gün müddətində barəmdə inzibati həbsin seçilməsi və bundan bir il sonra inzibati qaydada 500 manat cərimə edilməyim kimi faktlar övladlarımın qarşısında məni bir valideyn kimi üzür və çox narahat edir. Qeyd etmək istəyirəm ki, həmin cərimə məbləğinə münasibətdə verdiyim apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılmış və müvafiq komissiyanın rəyi nəzərə alınaraq, həmin cərimə məbləği ləğv edilmiş və yenidən baxılması üçün Şəmkir Rayon Məhkəməsinə göndərilmişdir.

Hesab edirəm ki, övladlarımın analarının himayəsinə verilməsi qanunla müəyyən edilsə də, bu prosesin həyata keçirilməsi aidiyyəti üzrə qurumlar tərəfindən mənəvi-psixoloji cəhətdən ziyanlı addım sayılmalıdır. Həm azyaşlı olduqlarına görə mənəvi-psixoloji zərbə almış olarlar, həm də analarının hansı şəraitdə yaşaması, mənəvi-əxlaqi keyfiyyətlərə sahib olması bu günə qədər müəyyən olunmamışdır. Özünəqapalı və sərbəst yaşaması ilə yanaşı, bir neçə restoran şəbəkəsində xidmətçi kimi çalışması bu günə kimi əldə olunan yeganə məlumatdır. Qeyd etmək istəyirəm ki, bütün baş verənləri nəzərə alaraq, 18.10.2021-ci il tarixdə Sizə rəsmi şəkildə ərizə ünvanlanmışam və ədliyyə naziri Fikrət Məmmədova iki dəfə (18.10.2021 və 25.10.2021-ci il tarixlərində) rəsmi şəkildə müraciət etmişəm, işin həqiqi və diqqətəlayiq hallarını həmin ərizədə sənədlər toplusu ilə geniş şəkildə göstərmişəm. 26.10.2021-ci il tarixdə Sizə teleqramla müraciət edərək, 25.10.2021-ci il tarixdə iki azyaşlı övladımla birlikdə 6 saatdan çox müddət ərzində Şəmkir Rayon İcra və probasiya şöbəsində qanunsuz olaraq saxlanıldığımızı qeyd olunan teleqramda göstərmişəm. Elə həmin gün Rayon İcra və probasiya şöbəsinin Baş icra məmuru Şamil Hacıyevin başqa şəxslərlə yaşadığımız evə gələrək, azyaşlı övladlarımı parkda gəzdirmək adı altında həmin əraziyə aparması və oradan da polis maşını ilə birbaşa məhkəməyə gətirməsi nə müsbət hal sayılır, nə də qanunvericiliklə müəyyən olunur. Həmin gün qanunsuz məhkəmə qərarı ilə uşaqlar məndən alınmaqla yanaşı, özümə də yenidən 8 gün müddətinə inzibati həbs seçildi. İki azyaşlı övladımın gözyaşları içində boğulmasını və onların məhkəmə zalında incidilməsini xatırlayanda, bir valideyn kimi daxilən xəcalət çəkirəm.

Bu gün əsas məqsədim övladlarımı keçmiş həyat yoldaşımın anasının himayəsindən azad etməkdir. Bu məqsədlə 22.11.2021-ci il tarixdə Yasamal Rayon Məhkəməsinə mülki qaydada iddia ərizəsi ilə müraciət etmişəm. Anasının biganə münasibəti nəticəsində kiçik qızımın bədənində ciddi yanıq xəsarətləri var və əməliyyat olunmalıdır.

İnanıram ki, Sizin nəzarətiniz altında Ədliyyə Nazirliyi və Məhkəmə Hüquq Şurası başda olmaqla, aidiyyəti dövlət qurumları məlum məsələyə biganə qalmayacaq və nəticədə, məhkəmə tərəfindən ədalətli qərar qəbul olunacaq.

Hörmətli cənab Prezident!

Sizdən xahiş edirəm, övladlarımın xoşbəxt gələcəyi, onların cəmiyyətdə layiqli yer tutması və dövlətimizə xeyir verməsi naminə mənə öz köməkliyinizi göstərəsiniz. Ümid edirəm ki, həmişə olduğu kimi, yenə də bu barədə Ədliyyə Nazirliyinə, Milli Məclisin Hüquq Siyasəti Komitəsinə, Ali Məhkəməyə, Məhkəmə Hüquq Şurasına müvafiq tapşırıqlarınızı verəcəksiniz.

İnanıram ki, məhz Sizin məsələyə müdaxiləniz nəticəsində Şəmkir Rayon İcra və probasiya şöbəsi tərəfindən həyata keçirilən prosessual hərəkətlərin tərkib hissəsi olaraq, icra tədbirinin mümkünsüzlüyünün nəzərə alınması istiqamətində heç bir addım atılmamasına görə həmin vəzifəli şəxslərin əməllərinə hüquqi qiymətin verilməsi ilə yanaşı, onların cəzalandırılması istiqamətində də mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qərar qəbul ediləcək.

Sizə əvvəlcədən öz dərin təşəkkürümü bildirirəm".

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

E.ŞİRİNOV

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN