Türkiyədə Marmaris bələdiyyəsinin mükafatlandırdığı şəxs (Rasim Əhmədli) Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin əməkdaşı deyil.
Bu barədə FHN-nin Mətbuat Xidmətindən bildirilib.
Qeyd edək ki, Marmaris bələdiyyəsi özünü Azərbaycandan olan, polkovnik rütbəli yanğınsöndürən kimi təqdim edən şəxsi mükafatlandırıb.
Yayılan məlumatda bildirilir ki, bələdiyyə həmin şəxsi bu ilin yayında Türkiyədə baş verən meşə yanğınlarındakı xidmətlərinə görə mükafatlandırıb.
Ancaq həmin şəxsin FHN sisteminə bağlılığı yoxdur.
Onun əynində xüsusi təyinatlı qüvvələrin səhra geyimi var. Qoluna isə hərbi nizamnamədə nəzərdə tutulmayan qaydada şevronlar taxılıb.
Çiynindəki paqon isə səhra geyim formasına uyğun deyil.
R.Əhmədlinin bu əməlini başqa ölkələrdə də törətdiyi məlum olub.
Xatırladaq ki, R.Əhmədli bundan əvvəl Türkiyənin Bursa şəhərində də eyni fırıldağa əl atıb.
Daha əvvəl isə Ukraynada özünü II Qarabağ müharbəsinin iştirakçısı və qazi kimi təqdim edib. Bu addan istifadə edən R.Əhmədli yüksək pul mükafatları, bahalı hədiyyələr əldə edərək, ölkəni tərk edib.
E.ŞİRİNOV