Lerik sakinləri “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən şikayətçidir.

Bu barədə sosial şəbəkədə paylaşılan məlumatda bildirilir.

Ü.Məmmədli yazır ki, illər öncə rayon sakinlərinin öz hesabına çəkdirdiyi su boruları Qarabağa aparılmaq adı ilə sökülür. Həmin su xətti rayon mərkəzinə Zuvand mahalından çəkilib və dəmir su borularının xərcini də camaat öz hesabına çəkib. Daha sonra “Azərsu” həmin su xəttini rəsmiləşdirərək dövlət hesabına alıb.

F.Cəlilov sosial şəbəkə hesabında yazıb ki, yerli qurumlar da söküntüyə mane ola bilmirlər. O, yazır ki, nə RİH, nə deputat, nə də yerli hüquq-mühafizə orqanları bu söküntünü dayandıra bilir. Çünki söküntünü aparan şəxslər rəsmi sənəd təqdim edirlər.

Bununla yanaşı, Lerikdə fəaliyyət göstərən ictimai qurumlar da su borularının “naməlum şəxslər” tərəfindən sökülərək aparıldığı barədə ölkə başçısına müraciət edib.

Sakinlər qeyd edir ki, rayon mərkəzinə plastik borularla çəkilən su xətti tamamilə yararsız hala düşüb. Onların sözlərinə görə, dəmir boruları söküb əvəzinə, plastik borularla əvəzləyiblər.

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti sakinlərin şikayət və müraciətlərinə məhəl qoymur.

“Sakinlərin öz vəsaiti hesabına çəkdiyi dəmir boruları kəsib aparmaq qanunsuzdur. Nə olsun illər sonra həmin su xəttini “Azərsu” hazıra-nazir olub dövlət qeydiyyatına salıb? Axı o suyun və xəttin çəkilməsinə sərf olunan bütün vəsait sakinlərin öz hesabına olub. Bu, qanunsuzdur və 68 min əhalisi olan Lerik rayonuna, ümumilikdə, leriklilərə sayğısızlıqdır”, – müraciət edən sakinlər belə deyirlər.

F.Cəlilov isə deyir ki, böyük ehtimalla “Azərsu” bu boruları satışa çıxaracaq: “”Azərsu”nun Lerikdən çırpışdırdığı boruların Dərnəgüldə işlənmiş metal satışı bazasında peyda olacağı andını da kimsə içə bilməz”.

Sakinlər həmçinin bu söküntünün təşkilatşısı kimi İntiqam Tağıyev adlı şəxsin adını çəkirlər. Onun “”Azərsu” ASC-nin sədr müavini İlqar Tağıyevin qardaşı olduğu bildirilir.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.

Xatırladaq ki, Prezident İlham Əliyevin 4 aprel tarixli sərəncamı ilə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov vəzifəsindən azad olunub. Onun yerinə hələ ki təyinat olmayıb.

Q.Hüseynovun səlahiyyətləri Köçərli Həsənova həvalə edilib. Köçərli Həsənov “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədr müavinidir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN