Neçə gün əvvəl sosial şəbəkədə Astara rayonunun Miki kəndində acınacaqlı vəziyyətdə yaşayan bir ailənin yaşamağa məcbur qaldığı evin şəraitinin görüntüləri yayılmışdı. Eyni zamanda, xəbər portalında da ətraflı məlumat dərc edilmişdir.

Ümid edilirdi ki, Astara Rayon İcra Hakimiyyəti həmin görüntüləri izlədikdən sonra dərhal min bir çətinliklə gələcəyin iki əsgərini böyüdən bu ailəyə müəyyən qədər köməklik göstərəcək. Lakin təəssüflər olsun ki, Astara rayon İcra Hakimiyyəti heç bir addım atmayıb.

Görüntülərdən göründüyü kimi, ailənin vəziyyəti nəinki düzəlməyə doğru gedib, əksinə, soyuqdan sağlamlıqlarına ziyan dəyib. Evin xanımı Hüseynova İlhamə Süleyman qızının dediyi kimi, yaxın gələcəkdə adına "həqiqi hərbi xidmətə çağırış" vərəqəsi gələcək oğlunun ayaqları soyuqdan tutulub. Ailənin bildirdiyinə görə, rayonda fəaliyyət göstərən dövlət qurumlarından heç kim bu günə qədər onların mövcud durumu ilə ümumiyyətlə maraqlanmayıb.

Əslində, ailənin istəyi mümkünsüz deyil. Ümumiyyətlə, çox çətin də deyil. İlhamə Hüseynova bildirir ki, yaşadığı kəndin sakinləri əlbir olub onun üçün həyətində daşdan ev tikiblər. Lakin kənd sakinlərinin maddi imkanı yalnız divarların inşasına yetib. Xanımın istədiyi kömək odur ki, həmin evin dam örtüyü və digər işlər başa çatdırılsın ki, ən azından çadırdan çıxıb, övladlarını yanına alıb o evdə yaşasın.

Güman edilirdi, Astara Rayon İcra Hakimiyyəti ailənin durumunu nəzərə alacaq və ailənin o qədər ehtiyaclara rəğmən, yeganə istəyi olan evinin tikintisinin başa çatdırılmasında lazımi köməklik göstərəcək.

Nəhayət, iki gündən sonra qarşı tərəf olaraq Astara RİH-dən münasibət açıqlanıb.

Açıqlamada deyilir: "Məlumat üçün bildiririk ki, Miki kənd sakini Hüseynov Möhsüm İsmayıl oğluna məxsus 2 otaqlı fərdi yaşayış evi 7 fevral 2019-cu ildə elektrik qısaqapanması nəticəsində yanmışdır.
FHN tərəfindən ailə çadırla təmin edilmişdir. Vətəndaş evini meşə fond torpağında tikdiyi üçün müvafiq sənədləri yoxdur və ev sığorta edilməmişdir. Buna görə də vətəndaş üçün yeni fərdi yaşayış evinin tikilməsi mümkün olmamışdır.

24.05.2019-cu il tarixdə Astara Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Hüseynov Möhsüm İsmayıl oğluna 500 manat maddi yardım edilmişdir. Ailə ünvanlı sosial yardım alır. Ailəyə yeni evin tikintisinə köməklik məqsədilə kənd sakinləri tərəfindən 2000 manat vəsait toplanaraq verilmişdir. Hazırda 2 otaqlı evin divarları tikilmişdir.

20.10.2021-ci il tarixdə Astara Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən vətəndaşın ailəsinə 300 manat maddi yardım edilmişdir.

Bildiririk ki, rayon icra hakimiyyəti tərəfindən müvafiq yardımların edilməsi zamanı vətəndaşın ailəsi nəzərə alınacaqdır".

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN