Ağstafada səs yazısı yayılan məktəb direktoruna cinayət işi açılıb. Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilib ki, mediada məktəb direktorunun səs yazısının yayılması faktı ilə bağlı Ağstafa rayon prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla Ş.Abadov adına Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru Mətanət Məmmədovanın öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək həmin məktəbin müəllimlərindən təyin edilmiş dərs saatlarına görə müxtəlif məbləğlərdə pul tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir.
Xatırladaq ki, sosial şəbəkələrdə M.Məmmədovanın səs yazısı yayılmışdı. O, rəhbərlik etdiyi təhsil müəssisəsində işləyən müəllimdən əlavə dərs saatları müqabilində pul istəyirdi. Müəllim isə imkanının olmadığını söyləyirdi.
E.ŞİRİNOV