Ötən il oktyabrın 1-də həbs olunmuş Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Rustavi şəhərindəki 12 saylı həbsxanadan “VİVAMED” klinikasına köçürülüb.
Bu barədə Gürcüstan mətbuatı məlumat yayıb.
Köçürülmə zamanı, hətta ətraf sarı lentə alınıb və təhlükəsizlik tədbirlərinə maksimum əməl edilib.
Qeyd edək ki, Gürcüstana gizli yolla gəlmiş sabiq prezident həbs edildikdən sonra onun məhkəmə prosesi keçirilir. Saakaşvili şəxsi məqsədləri üçün dövlətin 3 milyon dollar vəsaitini mənimsəməkdə ittiham edilir. Həbs olunması və ona qarşı irəli sürülən ittihamlarla razılaşmayan Saakaşvili uzun müddət aclıq aksiyası keçirdiyi üçün bu, onun səhhətinə də pis təsir etdi. Və bu səbəbdən müxtəlif xəstəliklər də baş qaldırdı. Həmçinin eks perzidentin həbsxana xəstəxanasında aparılan müalicələrin çoxundan imtina etdiyi üçün səhhətinin ağırlaşdığı bildirilirdi.
Bir müddət öncə, Gürcüstan ombudsmanı yanında yaradılmış şuranın üzvü Otar Toidze “ Saakaşvilinin vəziyyəti o qədər ağırdır ki, onun xaricdə müalicəyə ehtiyacı var”, həmçinin onun əlil qala biləcəyini vurğulamışdı .
Bu günlərdə isə "Vahid Milli Hərəkat" partiyasının millət vəkili Levan Xabeişvili Polşanın sabiq prezident Mixeil Saakaşvilini öz hesabına müalicə etməyə hazır olduğunu bildirmişdi.
Daha sonra Gürcüstanın Ədliyyə Nazirliyi Mixeil Saakaşvilinin ölkə daxilində olan "Vivamed" klinikasına köçürülməsini təklif etdi. Bu barədə ədliyyə naziri Rati Bregadze məlumat vermişdi. Saakaşvili isə bu təkliflə bağlı bəzi şərtlər irəli sürmüşdü. Məsələn, vəkillərinin və partiya üzvlərinin klinikada onunla görşə icazə verilməsi və s. Ədliyyə Nazirliyi Mixeil Saakaşvilini təklif olunan səhiyyə xidmətlərindən qeyd-şərtsiz istifadə etməyə çağırmış və ziyarətçilərin qəbulunun qanunvericiliyə və tibb işçilərinin tövsiyələrinə uyğun olaraq təmin ediləcəyini bildirmişdi.
Və nəhayət, Saakaşvilinin səhhəti ətrafında uzun sürən söz-söhbətlərdən, müzakirələrdən, aksiyalardan sonra o, klinikaya köçürüldü...
JASMİN