Müdafiə Nazirliyinin Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi məlum olub.
Məlumata görə, rəsmi açıqlamada Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “ƏLAMƏK” MMC (VÖEN – 1505886781) elan edilib.
Qeyd edək ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi baner üzərində çap işlərinin, laminatın, orqanik şüşənin, diaqlaz materialın, vinil üzərində çap işlərinin satın alınması məqsədilə 19.04.2022-ci il tarixində kotirovka sorğusu elan edib.
Maraqlısı odur ki, tender müsabiqəsinin qalibi olan “ƏLAMƏK” MMC bu elandan təxminən cəmi 4 gün əvvəl – 15.04.2022-ci il tarixində dövlət qeydiyatına alınıb. Xatırladaq ki, qalib şirkətə 7 min 602 manat ödəniləcək.
Hüquqi ünvanı Nərimanov rayonu, Faiq Yusifov, ev 69-da yerləşən MMC-nin nizamnamə kapitalı 20 manat təşkil edir. MMC-nin qanuni təmsilçisi Məmmədov Faiq Harun oğludur.
Məlumat üçün bildirək ki, "Dövlət satınalmaları haqqında" Qanunun 6-cı maddəsində malgöndərənlərin (podratçıların) ixtisasına dair tələblər yer alıb. Həmin maddənin 6.2.1-ci bəndində açıq şəkildə yazılır ki, satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığın, təcrübənin, texniki və maliyyə imkanların, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığın olması lazımdır.
Tender müsabiqəsindən cəmi 4 gün əvvəl (bu günlərin də 2-si şənbə və bazar günlərinə təsadüf edib) yaranan bu şirkətlərin hansı peşəkarlığa və təcrübəyə sahib olacağı da aydın deyil.
Xatırladaq ki, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzi tərəfindən qısa müddət əvvəl daha bir oxşar tender keçirilib.
E.ŞİRİNOV