Mayın 13-də Quba rayonunun Qamqam kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid Mehrab Niftəliyevin xatirəsi anılıb.

Vətən Müharibəsi Qəhrəmanının doğum günü münasibətlə keçirilən anım mərasimində Quba Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində Ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar.

Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanı, canı bahasına torpaqlarımızı azad etdi. Bu amal uğrunda şəhid olan qəhrəmanlar hər zaman xalqımızın qəlbində yaşayacaq.

Görüşdə çıxış edən şəhid valideynləri qəhrəman övladlarının keçdiyi döyüş yolundan, onların yüksək vətənpərvərlik, cəsurluq, müsbət əxlaq, əqidə hisslərindən danışıblar.

Bildirilib ki, Niftəliyev Mehrab Söhrab oğlu 1985-ci ilin mayın 13-də Qubada anadan olub. Müdafiə Nazirliyinin Baş Qərargahının tabeliyindəki Xüsusi Təyinatlı Qüvvələrdə 17 il qüsursuz xidmət edib. O, Azərbaycanla yanaşı, digər xarici ölkələrdə təşkil edilən hərbi təlimlərdə uğurlara imza atıb.

Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Şuşada döyüşüb, düşmənin bir neçə zabit və hərbi qulluqçusunu, eyni zamanda, zirehli texnikasını məhv edib. M.Niftəliyev noyabrın 8-də Şuşada qəhrəmancasına şəhid olub.

Şəhidin qəhrəmanlığı Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. M.Niftəliyev “Vətən Müharibəsi Qəhrəmanı” adı, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığına uyğun olaraq Quba şəhərindəki Texniki təmayüllü liseyə isə Vətən Müharibəsi Qəhrəmanı Mehrab Söhrab oğlu Niftəliyevin adı verilib.

Qeyd edək ki, Birinci Qarabağ müharibəsində Qamqam kəndindən olan Mübariz Abdullayev, Azad Hidayətov, Xanlar Məmmədov və Münasib Osmanov şəhidlik zirvəsinə ucalıb. Vətən müharibəsində isə kəndin iki sakini - baş gizir Mehrab Niftəliyev və əsgər Elməddin Abdullayev şəhid olub.

Pin It

GÜNDƏM

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN