Əksər hallarda praktikada Əmək Məcəlləsinin 169.1-ci maddəsinin tələbləri düzgün tətbiq olunmur.
Bunu hüquqşünas Azər Quliyev TEZADLAR.AZ-a işçilərin əmək hüquqlarının pozulması hallarından danışarkən bildirib.
“Bu da qeyd olunan hüquq normasının düzgün başa düşülməməsi və ya qərəzli şəkildə tədbiq olunması nəticəsində baş verir. Əmək Məcəlləsinin bu maddəsinə əsasən, bu halda, yəni, boşdayanmanın başlanması haqqında işçi işəgötürənə və ya iş yeri üzrə rəhbərinə (ustaya, briqadirə və digər vəzifəli şəxslərə) xəbərdarlıq etdikdə, işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının3/2 hissəsindən az olmayaraq ödənilir”, -deyə bildirir.
Onun sözlərinə görə, praktikada bu maddə bir çox hallarda digər əmək münasibətlərinə, məsələn, müəssisədə iş həcminin azalması, iş və xidmətlərin az olması ilə əlaqədar boşdayanma və sair hallara da tədbiq olunur ki, bu da qanunauyğun deyil.
Hüquqşünas qeyd edib ki, bu hallarda işçilərin əmək haqqı tam ödənilməlidir və ya digər qaydada tənzimlənməlidur:
“Əmək Məcəlləsinin 169.1-ci maddəsi isə iş həcminin azalması və sair hallar ilə əlaqədar boşdayanma hallarını deyil, iş yerində olan işçilərin müəyyən səbəblərdən (məsələn, materialların olmaması, vaxtında gətirilməməsi, nəqliyyatın gecikməsi, küləkli hava şəraiti, yanğın, xəstəlik, su, işiq, qazın olmaması, əməyin mühafizə qaydalarının pozulması və sair hallarla əlaqədar işlərin qısa müddətli dayandırılması hallarında) əmək funksiyalarını yerinə yetirə bilməməsi və ya işəgötürəndən asılı olan və ya olmayan digər səbəblərdən işlərin qısa müddət ərzində yerinə yetirilməməsi hallarına aiddir”, -deyə bildirib.
Y.MƏMMƏDLİ