Əmək pensiyaları haqqında qanuna edilmiş dəyişikliyə əsasən, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur.
Bunu hüquqşünas Azər Quliyev “Tezadlar.az”a əmək pensiyalarından artıq ödəişlərin tutulması qaydasından danışarkən bildirib.
O, diqqətə çatdırıb ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği pensiyaçının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.
“Bu tutulmalar hər ay üçün əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz”, -deyə hüquqşünas izah edib.
Xatırladaq ki, Milli Məclisin dekabrın 30-da keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilib.
Prezident İlham Əliyevin “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib.
Dəyişikliklər əmək pensiyasına (əmək pensiyasına əlavəyə) görə artıq ödənilmiş məbləğin tutulması müddətinin məhdudlaşdırılması, bununla da son üç ildən əvvəlki dövrlə bağlı ödənişə amnistiyanın (güzəştin) tətbiq edilməsi məqsədi daşıyır. Yəni artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulmasında müddətli amnistiyanın tətbiqini nəzərdə tutur. Yəni əgər pensiyaçıya fərqli səbəblərdən 2020-ci ildən əvvəl artıq ödəniş olubsa, yeni dəyişikliklərə əsasən həmin ödəniş geri istənilməyəcək. Dəyişikliklər 2020-ci ildən əvvəlki dövrə amnistiyanın verilməsini nəzərdə tutur.
Qanun 2023-cü il yanvarın 1-dən qüvvəyə minib.
JASMİN