Qazaxıstan-Tacikistan Biznes Forumunun keçirildiyi yerdə ümumi dəyəri 1,8 milyard dollardan çox olan 39 kommersiya müqaviləsi və saziş bağlanıb.
Qazaxıstanın baş nazirinin mətbuat xidmətinin məlumatına görə, bunlar ferroərintilər, buğda, alüminium oksidi, neft koksu, günəbaxan yağı, dağ-mədən sənayesinin inkişafı üçün avadanlıq, JAC avtomobilləri və digər məhsulların tədarükü üzrə ixrac müqavilələridir.
Qazaxıstan Respublikasının Baş nazirinin müavini - ticarət və inteqrasiya naziri Serik Jumanqarinin sözlərinə görə, bu gün Qazaxıstanda Tacikistanla 418 birgə müəssisə fəaliyyət göstərir. 2005-ci ildən bəri Qazaxıstan Tacikistan iqtisadiyyatına 132 milyon dollara yaxın sərmayə yatırıb, Tacikistan investisiyalarının axını isə təqribən 21 milyon dollar təşkil edib.
Xatırladaq ki, Azərbaycanda Qazaxıstan investisiyalı 182 kommersiya qurumu (sənaye, kənd təsərrüfatı, tikinti, nəqliyyat, ticarət, xidmət) qeydiyyatdadır. Qazaxıstandan Azərbaycana 102,2 milyon dollar, Azərbaycandan Qazaxıstana isə 205,2 milyon dollar investisiya qoyulub. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsi 598,47 milyon dollar təşkil edib.
JASMİN