Ukrayna hakimiyyəti münaqişəyə baxmayaraq, Rusiya enerji resurslarının öz ərazisindən tranzitini dayandırmaq niyyətində deyil.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri yazıb.
Qəzet qeyd edib ki, Kiyev Rusiyanın enerji resurslarının tranzitindən qazanc əldə etmək imkanını özündə saxlayır, eyni zamanda müttəfiqlərindən Rusiya ilə iqtisadi əlaqələri dayandırmağı tələb edir.
Qeyd olunur ki, Ukrayna hakimiyyəti öz kommersiya əməliyyatlarını dəstəkləməkdən başqa seçimlərinin olmadığını israr edir.
Nəşrin məlumatına görə, Ukrayna prezidentinin ofisinin rəhbəri Andriy Yermak və ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfolun rəhbərlik etdiyi anti-Rusiya sanksiyaları üzrə qrup Rusiyaya qarşı gələcək fəaliyyət planı hazırlayıb.
Qəzet qeyd edib ki, plan Ukrayna ərazisindən keçənlər istisna olmaqla, enerji resurslarını Avropaya çatdıran “Rusiyanın nəzarəti altında olan bütün boru kəmərlərinin fəaliyyətinin dayandırılmasını” nəzərdə tutur.
Bundan əvvəl Ukrayna Silahlı Qüvvələrinin bölmələri Bryansk vilayətindəki Drujba neft kəmərini atəşə tutub. PS-nin atəşə tutulması nəticəsində xəsarət alan olmayıb, təmirçilər təxribatın bütün nəticələrini aradan qaldırıblar. Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “Drujba” neft kəmərində terror aktına cəhdi ölkənin təhlükəsizliyinə təhdid adlandırıb.
E.ŞİRİNOV