Özbəkistanda əhali dollarla olan bank yatırımlarını soma (som - Özbəkistanın milli pul vahidi) dəyişir, lakin əksəriyyət dolları evdə saxlamağa üstünlük verir...
Senator Şavkat Cəlolov Senatdakı çıxışı zamanı ilin əvvəlindən əhalinin banklardakı əmanətlərinin həcminin 1,7 dəfə artdığını bildirib.
Cəlolov qeyd edib ki, bununla yanaşı, əmanətlərin strukturunda bir ildən artıq müddətə xarici valyutada olan əmanətlərin qalığı 2021-ci illə müqayisədə 9% azalıb, tələb olunan depozitlər isə 9% artıb.
Onun fikrincə, əhalinin əksəriyyəti valyutanı evdə saxlayır və “sanki bank depozitəri ilə maraqlanmırlar”. O, Mərkəzi Bankın rəhbərindən əhalinin banklara inamının səviyyəsini qiymətləndirməyi xahiş edib.
Mərkəzi Bankın sədri Mamarizo Nurmuratov isə çıxışı zamanı “bunu iki faktla şərh etmək olar” deyib:
“Mən artıq dollarlaşma səviyyəsinin (azalmasını) qeyd etmişəm. Məzənnənin cüzi dəyişməsinin davam etməsi və (məbləğli) əmanətlər üzrə dərəcələrin 20-21% səviyyəsində cəlbedici olması əhalinin valyuta depozitlərindən vəsaitlərin çıxarılmasına və onların som əmanətlərinə köçürülməsinə marağını artırır. Biz bunu praktikada görürük”.
Mamarizo Nurmuratov bunu yaxşı tendensiya adlandırıb.
“Bizim hesablamalarımıza görə, əhalinin əlində demək olar ki, 12 milyard dollar var. Biz bütün bu vəsaitləri cəlb edə bilmərik. Amma banklara pul köçürmə tendensiyası var, dolların soma köçürülməsi və müddətli əmanətlərə yerləşdirilməsi prosesi başlayıb. Bu bizi sevindirir. Bu, həm də bankların resurs bazası üçün yaxşıdır, onların somla kredit vermək imkanlarını artıracaq”, - deyə o, vurğulayıb.
Qeyd edək ki, Özbəkistanda 2022-ci ildə iqtisadiyyata verilən kreditlərin dollarlaşma səviyyəsi 2 faiz azalaraq 45,6%-ə, əmanətlərin dollarlaşma səviyyəsi isə 4,7 faiz bəndi - 34,2%-ə qədər azalıb.
Y.MƏMMƏDLİ