Məlum olduğu kimi, Naxçıvanda azad iqtisadi zona yaradılacaq.
Azad iqtisadi zonanın yaradılması Azərbaycan Prezidentinin təsdiq etdiyi "Naxçıvan MR-in sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün dövlət proqramı"nda öz əksini tapıb. Zonanın layihəsinin hazırlanmasına bu ildən başlanılacaq.
Yaradılacaq azad iqtisadi zona barədə Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov da fikirlərini bölüşüb.
O, vurğulayıb ki, Naxçıxanda yaradılacaq azad iqtisadi zonanın məqsəd ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan Muxtar Respublikası iqtisadiyyatının sürətli inkişafını təmin etməkdir.
Onun sözlərinə görə, Naxçıvanda yaradılacaq Ticarət Mərkəzində daha ucuz məhsulların satışı təşkil olunacaq.
“Eyni zamanda, Naxçıvanın bütün ərazisi üçün gömrük rüsum güzəştini nəzərdə tutan xüsusi gömrük rejiminin yaradılması da həyata keçiriləcək. Bu siyahıya Azərbaycanda istehsal edilən mallar daxil edilməyəcək. Proqram çərçivəsində Naxçıvan şəhərində rüsumsuz ticarət mağazalarına bərabər güzəştlərin tətbiq olunduğu Ticarət Mərkəzinin yaradılması da nəzərdə tutulur. Bu o deməkdir ki, şəhərdə daha aşağı qiymətə məhsulların satışını həyata keçirəcək ticarət mərkəzi fəaliyyət göstərəcək”, - deputat vurğulayıb.
O, diqqətə çatdırıb ki, həmin proqrama əsasən, hava yolu ilə Naxçıvan Muxtar Respublikasına səfər edən, Azərbaycanın digər bölgələrindən olanlar üçün idxal gömrük ödənişləri üzrə güzəşt hədlərinin və şərtlərinin müəyyən edilməsi də həyata keçiriləcək, həmçinin bu proqramla Naxçıvanda daha azad və liberal rejimə malik olan zonanın formalaşdırılması nəzərdə tutulur.
Xatırladaq ki, ötən gün Naxçıvan MR-da azad iqtisadi zonanın yaradılacağı açıqlandı. Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Naxçıvan MR-nın sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda öz əksini tapıb.
Sənədə əsasən, bu məsələ üzrə əsas icraçı qurum İqtisadiyyat Nazirliyi, digər icraçı qurum isə Dövlət Gömrük Komitəsidir.
İlkin olaraq azad iqtisadi zonanın yaradılması ilə bağlı layihənin hazırlanması, daha sonra azad iqtisadi zonanın yaradılması istiqamətində tədbirlər görülməsi, yekun olaraq isə ticarət və logistika imkanlarının genişlənməsi ilə Naxçıvan MR iqtisadiyyatının inkişafı planlaşdırılır.
Y.MƏMMƏDLİ