Moskva küçələrindən birinə görkəmli azərbaycanlı neftçi-geoloq Fərman Salmanovun adı verilə bilər.

Bu barədə apa-ya paytaxtın Şərqi Dequnino rayonunun yerli azərbaycanlı milli mədəni muxtariyyətinin sədri Həşim Əliyev bildirib.
O, bu ilin avqustun 18-də Moskva şəhərinin Troysk və Novomoskovskiy inzibati dairəsinin administrasiyasına (Yeni Moskva) Moskovskiy yaşayış məntəqəsinin küçələrindən birinin Fərman Salmanovun şərəfinə adlandırılması təklifi ilə müraciət etdiyini söyləyib.
H.Əliyev rayon administrasiyası tərəfindən həmin müraciətə baxıldığını və Moskovskiy yaşayış məntəqəsinin deputatlar Şurasının növbəti iclasında Fərman Salmanovun adına küçə verilməsi təklifinə baxılacağını qeyd edib.

***

Neftçi-geoloq Fərman Salmanov 1928-ci il iyulun 28-də Şəmkir rayonunun Morul kəndində anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasını bitirdikdən sonra Rusiyanın Xantı-Mansi Muxtar Dairəsinin Surqut rayonunda neft-qaz yataqlarının kəşfiyyatı ilə məşğul olub.  1960-cı illərin əvvəlində Sibirdə nəhəng neft və qaz yataqlarını kəşf etməklə sovet neft sənayesinin inkişafına xüsusi töhfə verib.

 Qeyd edək ki, 2007-ci ildə vəfat etmiş Fərman Qurban oğlu Salmanov  Sosialist əməyi qəhrəmanı, geologiya-mineralogiya elmləri doktoru olub. 1987-1991-ci illər arası SSRİ Geologiya nazirinin birinci müavini vəzifəsini tutub.

Xatırladaq ki, hələ  2019-cu il mayın 31-də Surqut aeroportuna Fərman Salmanovun adı verilib.

İndi isə Moskva küçələrindən birinə Salmanovun adının verilməsi təklifi  qəbul edilərsə, bu,  məşhur neftçinin əməyi və göstərdiyi əvəzsiz xidmətləri müqabilində almış olduğu daha bir dəyər olacaq.  Və buna onun çox haqqı çatır.

 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN