Deputat: "Milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb".

Cəmi və eləcə də xarici valyutada olan kreditlərdə vaxtı keçmiş kreditlərin həcminin son aylar azalmasına baxmayaraq, milli valyutada problemli kreditlərin həcmi artıb.

TEZADLAR.AZ xəbər verir ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.

İqtisadçı ekspert diqqətə çatdırıb ki, vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda ümumi kreditlərdə 440.4 milyon manatdan 437.8 milyon manatadək azalıb.

O, vurğulayıb ki, bu azalma xarici valyuta ilə götürülən kreditlərdə baş verib.

"Azalma xarici valyutada olan kreditlərdə də müşahidə olunub: həmin müddətdə 7.9 milyon manat azalma. Bununla belə, milli valyutada olan kreditlər üzrə vaxtı keçmiş kreditlərin həcmi son 3 ayda 324 milyon manatdan 329.3 milyon manatadək yüksəlib. Son rəqəm, eyni zamanda illik yekun olub. Bu o deməkdir ki, milli valyutada olan kreditlərdə problemli kreditlərin həcmi 2023-cü ilin sonuncu rübündə 5.3 milyon manat artıb", -deyə V.Bayramov qeyd edib.

İqtisadçı milli valyuta ilə olan kreditlərin həcminin artma səbəbini də izah edib.

Onun sözlərinə görə, bu problem həm bankların vətəndaşların ödəmə qabiliyyətini, riskləri nəzərə ala bilməməsindən, həm də kredit faizlərinin çox yüksək olmasından yaranır.

"Milli valyutada vaxtı keçmiş kreditlərin həcminin artması hələ də bir sıra banklar tərəfindən vətəndaşların ödəmə qabiliyyəti və eləcə də potensial risklər tam nəzərə alınmadan kreditləşməyə getməsi ilə bağlıdır. Bank kreditləşməsində son dövrlər şəffaflıq güclənsə də, risklərin idarəedilməsi mexanizmində hələ də problemlər mövcuddur.

Kredit faizlərinin yüksək olması da milli valyutada vaxtı keçmiş kreditlərin həcminə təsir göstərir. Yüksək faizlə borclanma daha sonra kredit öhdəliklərinin yerinə yetirilməsində çətinlik yaradır. Bu isə kreditlərin faiz dərəcələrinin optimallaşdırılmasını bir daha prioritetləşdirir.

Bütün hallarda, sabit məzənnə kontekstində milli valyuta üzrə vaxtı keçmiş kreditlərin həcminin artması arzuolunan deyil. Bu o deməkdir ki, kreditərin valyuta və eləcə də müddət növünə görə də xüsusi yanaşma və standartların tətbiqinə ehtiyac var", - Vüqar Bayramov qeyd edib.

 

JASMİN

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN