Digər ölkələrdə olduğu kimi, Azərbaycanda da hesabatların vaxtında təqdim edilməməsi ciddi narahatlığa səbəb olur, sanksiyalarla nəticələnir. Bu, iqtisadiyyatın təhlükəsizliyi və cəmiyyətin maliyyə məlumatlarına inamının qorunması ilə bağlıdır.
TEZADLAR.AZ xəbər verir ki, “BSC Business Service Centre” şirkətinin maliyyə işləri üzrə mütəxəssisi Pərvin Əhmədov mövzunu vergiler.az-a şərh edib:
Hesabatların vaxtında təqdim edilməməsi halında qanunvericilikdə nəzərdə tutulmuş cərimə və sanksiyalar bu prinsiplərin həyata keçirilməsində əhəmiyyətli rola malikdir. Vergi hesabatlarının vaxtında təqdim edilməməsinə görə tətbiq olunan maliyyə sanksiyalarını misallarla izah edək.
Gecikdirmə cərimələri
Misal 1: Şirkət rüblük ƏDV hesabatını 20 gün gecikdirib. Vergi qanunvericiliyinə əsasən, bu halda şirkət hər gecikdirilmiş gün üçün 50 manat cərimə ödəməlidir. Beləliklə, 20 günlük gecikmə üçün maliyyə sanksiyasının ümumi məbləği 1.000 manat olacaq:
50 x 20 = 1000 manat.
Faiz cərimələri
Misal 2: Fərdi sahibkar ödəməli olduğu 5.000 manat gəlir vergisini 3 ay gecikdirib. Vergi orqanı tərəfindən tətbiq olunan illik faiz dərəcəsi 18%-dir. Bu halda sahibkar 3 ay üçün 225 manat faiz cəriməsi ödəməlidir:
5.000 x 18% = 900 manat;
900 : 12 ay = 75 manat;
75 x 3 ay = 225 manat.
Ekoloji hesabat
İstifadə olunan təbii sərvətlər haqqında hesabatın təqdim edilməməsinə görə vəzifəli şəxslər 1.000 manatdan 2.000 manatadək cərimə edilir.
Əmək məsələləri üzrə hesabatlar
Əmək ehtiyatlarından istifadə haqqında hesabatın vaxtında təqdim olunmamasına görə vəzifəli şəxslər 500 manatdan 1.000 manatadək miqdarda cərimə edilir.
Vergi hesabatları
Misal 3: “E” şirkəti illik vergi hesabatını vaxtında təqdim etməyib. Vergi qanunvericiliyinin müəyyən etdiyi qaydalara görə, vaxtında təqdim olunmayan hesabatlar üçün gecikmə hər ay üzrə cəmi vergi məbləğinin 10%-i həcmində cərimə tətbiq edilə bilər. Nəticədə şirkət əlavə maliyyə yükü ilə üzləşir və bu, onun maliyyə sabitliyinə mənfi təsir göstərir.
Ətraf mühitin mühafizəsi
Misal 4: "F" şirkəti ətraf mühitin mühafizəsi üzrə rüblük hesabatını vaxtında təqdim etməyib. Bu səbəbdən, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən şirkətə məcburi cərimə tətbiq edilib. Gecikmənin hər ayı üçün cərimə məbləği fəaliyyət göstərdikləri sektorun xüsusiyyətlərinə və təsirin şiddətinə əsasən hesablanır.
Sağlamlıq və Təhlükəsizlik
Misal 5: “G” inşaat şirkəti işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi barədə ayda bir dəfə təqdim etməli olduğu hesabatı 2 ay gecikdirib. Bu pozuntu Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən aşkarlandıqda şirkət hər ay üçün müəyyən edilmiş məbləğdə cərimə ödəməli olur. Bu cür gecikmələr gələcəkdə şirkətin icazələrinin yenilənməsində çətinliklər yarada bilər.
Qida Təhlükəsizliyi
Misal 6: “H” restoranı qida təhlükəsizliyi və sanitariya barədə rəsmi hesabatı vaxtında təqdim etməyib. Qida Təhlükəsizliyi Agentliyi bu gecikməni aşkarladıqda restorana hər gün üçün müəyyən edilmiş məbləğdə cərimə tətbiq edilir. Bu cərimələr qida təhlükəsizliyi standartlarına riayət olunmamasının təmin edilməsi məqsədilə tətbiq olunur.
Yuxarıdakı nümunələr göstərir ki, vergi hesabatlarının vaxtında verilməməsi şirkətlərə və fərdi sahibkarlara ciddi maliyyə sanksiyaları gətirə bilər. Bu baxımdan, maliyyə sanksiyalarının qarşısını almaq üçün bütün növ məcburi hesabatların vaxtında və düzgün təqdim edilməsi vacibdir.