Beynəlxalq Valyuta Fondu (BVF) Əfqanıstanla qarşılıqlı əlaqəni ölkənin yeni hakimiyyətinin

digər dövlətlər tərəfindən tanınması məsələsi həll olunana qədər dayandırdığını bəyan edib.

Məlumata görə, BVF-nin sözçüsü Cerri Rays keçirdiyi brifinqdə qeyd edib ki,  Əfqanıstanda hökumətin tanınması baxımından beynəlxalq birliyin qərarlarına diqqət yetiririk: “Burada qəbul olunmuş yekun hansısa qərar yoxdur".

Rays Əfqanıstandakı vəziyyətdən narahatlığını da dilə gətirərək bildirib ki, Əfqanıstandakı çətin iqtisadi və humanitar vəziyyətdən çox narahatıq. Təcili Əfqanıstan xalqına humanitar yardım göstərmək və kiçik pul köçürmələrinə icazə vermək lazımdır. Yaxınlaşan humanitar böhranın qarşısını almaq və təcili tədbirlər görmək üçün beynəlxalq birliklə işləməyə də hazırıq.

Qeyd edək ki, bu günlərdə “Taliban” hərəkatının nümayəndəsi Zabihullah Mücahid beynəlxalq birliyi müvəqqəti hökumətlərini tanımağa və Əfqanıstanın dondurulmuş maliyyə aktivlərindən istifadə edilməsinə dair icazə verməyə çağırıb.

  "Biz beynəlxalq ictimaiyyətlə diplomatiya yolu ilə yaxşı əlaqələr qurmaq istəyirik. Əfqanıstana xeyir verəcək hər şey beynəlxalq birliyə fayda verəcək və Əfqanıstanın sabitliyi bütün dünya üçün vacibdir", - deyə o, müraciətində bildirib. Mücahid, xüsusilə mövcud hökumətin müvəqqəti olduğunu və onun daha hərtərəfli və inklüziv hala gətirilməsi ilə bağlı müzakirələrin davam etdiyini vurğulayıb.

 Xatırladaq ki, BMT nümayəndələrinin Əfqanıstanda “Taliban” hökumətinin kəşfiyyat rəhbəri Abdulhak Vasik ilə görüşü zamanı da  taliblər  BMT nümayəndələrindən beynəlxalq birliyin hökumətlərini tanımalarına və tətbiq edilən sanksiyaları ləğv etmələrinə kömək etmələrini istəyiblər.

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN