“Onların dördü haqqında da Sumqayıta həsr etdiyim və üzərində ciddi işlədiyim “Əfsanələrdən yaranan şəhər və onun insanları” kitabımda böyük portret yazıları işləmişəm”

...Onlar dörd dost, dörd yoldaş idilər. Çox vaxt da Sumqayıtda onlara kimya sənayesi adlı müqəddəs evin dörd möhkəm dirəyi deyirdilər. Onların hər biri xeyirxah, savadlı, təşkilatçı insanlar idilər. Bu insanlar ötən əsrin 60-90-cı illərində Sumqayıtda çox məşhur idilər. Bu şəhərin birinci katiblərindən, İcra Hakimiyyəti başçılarından tutmuş, bütün ağsaqqallarına, cavanlarına qədər hamı onlara böyük hörmətlə yanaşır, xətirlərini çox istəyirdilər.

Çox vaxt el şənliklərində, bayramlarda, şəhərdə keçirilən əmək və incəsənət bayramlarında, şəhər partiya komitəsinin iclaslarında da onlar yan-yana əyləşərdilər. Bu günkü Sumqayıt kimya sənayesi də bu insanlara çox borcludur. Çünki onlar kimya sənayesinin dirçəlməsi, Sovetlər birliyi dağılandan sonra tənəzzülə uğramaması üçün əvəzsiz işlər görmüşdülər. Onlar daha böyük işlər görə bilərdilər, amma bədxahları, onların kölgələrini qılınclayanlar bu insanlara imkan vermədilər. Onların vaxtından tez dünyalarını dəyişməsinə səbəb oldular...

***

Bu şəxsiyyətlər - Nərçə Ağayev, Nurəddin Babayev, Ucal Qasımzadə və Zamin Hüseynov idi. Onlar Sumqayıtın ən aparıcı kimya zavodları olan, Superfosfat zavoduna, Üzvi-Sintez zavoduna, Məişət Kimyası zavoduna və Sintez-Kauçuk zavoduna rəhbərlik edirdilər. Bu dörd müəssisə həmin vaxtlar Sumqayıtın gəlir mənbəyi, pasportu, insanların güzəranının yaxşılaşmasında əsas qüvvə, şəhərin abadlaşmasında ən çox iş görən təşkilatlar idilər, desəm yanılmaram.

Onların dördü haqqında da Sumqayıta həsr etdiyim və üzərində ciddi işlədiyim “Əfsanələrdən yaranan şəhər və onun insanları” kitabımda böyük portret yazıları işləmişəm.

Bu yazımı bütövlükdə, xeyirxah insan, dəyərli ziyalı, ürəyi Sumqayıt üçün həmişə məşəl kimi yanan Zamin Mirəli oğlu Hüseynova həsr edirəm. Çünki xatirələr çözüldükcə, ayrı-ayrı insanlarla söhbət etdikcə, belə fikirləşdim ki, onun haqqında lazım olan hər şeyi hələ yaza bilməmişəm. Amma belə insanlar haqqında onunla təmasda olan hər bir yazar, ziyalı əgər ürək sözlərini yazıb, gələcək nəsillərçün saxlasa bu daha gözəl olar.

Qısa arayış: Zamin Mirəli oğlu Hüseynov 1938-ci ilin noyabr ayının 12-də Lənkəran rayonunun Boladi kəndində anadan olub. 1956-cı ildə Azərbaycan Neft və Kimya İnstitutunu əla qiymətlərlə bitirib və taleyini Sumqayıtla bağlayıb. 1961-63-cü illərdə Superfosfat zavodunun dənəvər-superfosfat sexində mexanik işləyib. 1968-ci ildən Sumqayıt Polimertikinti Kombinatının baş mühəndisi olub. Onun çox təşkilatçı insan olduğunu görüb daha cavabdehli işə keçiriblər. Belə ki, 1971-ci ildə Superfosfat zavodunun direktoru təyin ediblər. Burada da özünü yaxşı təşkilatçı rəhbər kimi göstərdiyinə görə 1974-cü ildə Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyinin baş direktorunun birinci müavini təyin olunub. 1978-80-ci illərdə SSRİ Nazirlər Sovetinin yanında Xalq Təsərrüfatı Akademiyasında təhsil alıb. 1980-ci ildən ulu öndər Heydər Əliyevin əmri ilə Sumqayıt Sintez-Kauçuk İstehsalat Birliyinin direktoru təyin olunub. Uğurlu işlərinə görə Azərbaycan Respublikasının Dövlət mükafatına və bir neçə orden-medallara layiq görülüb. O, ümumittifaq əhəmiyyətli bir neçə ixtiranın müəllifidir. Sumqayıt şəhər Partiya Komitəsinin üzvü və dəfələrlə Sumqayıt şəhərinin deputatı seçilib.

Bizim onunla tanışlığımız 1976-cı ildən başlayır. Həmin vaxtlar Sumqayıt şəhərində keçirilən bütün əmək-incəsənət bayramlarının və dövlət səviyyəli tədbirlərin ssenari müəllifi və quruluşçu rejissoru mən olurdum. Hətta Zamin müəllimin rəhbərlik etdiyi Sintez-Kauçuk zavodunun da bir neçə tədbirini mən hazırlamışdım. Onunla tez-tez təmasda olub, maraqlı söhbətlər də etmişdik. Amma bizim ən yaxın münasibətimiz, 1989-cu ilin yanvar ayından mən Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına rəhbərlik etdiyim vaxtdan başladı. Həmin vaxtı Sumqayıtın birinci katibi Zülfü Salah oğlu Hacıyev məni böyük təkidlə Ağdam Dövlət Dram Teatrının direktoru - baş rejissoru vəzifələrindən Sumqayıt teatrına direktor gətirmişdi. Baxmayaraq Mədəniyyət naziri Polad Bülbüloğlu buna razı deyildi, amma Zülfü müəllimin təkidindən sonra məcbur olub razılaşmışdı. Çünki mən Sumqayıtın kadrı idim.

Sumqayıt Dövlət Dram Teatrının direktoru yeri bir iliydi ki, boş idi və ora rəhbər təyin edə bilmirdilər. Mən bir həftə teatrın bütün problemləri ilə tanış olandan sonra, özümün gələcək planlarımı da yazıb, Zülfü müəllimlə görüşdüm. Onun yanında şəhərin ikinci katibi Eldar İsmayılov və Humanitar məsələlər şöbəsinin müdiri Şakir Abuşov da vardı. Mən teatrın gələcəkdə böyük uğurlar qazanması ilə bağlı onlara bütün problemlər və onların həlli yolları haqqında ətraflı məlumat verdim.  Həm də teatrın Sintez-Kauçuk İstehsalat Birliyinə məxsus olan Səməd Vurğun adına Kimyaçıların Mədəniyyət Sarayında 40-dan çox otaq olduğu halda cəmi 5 otaqda yerləşdiyini, Mədəniyyət Nazirliyi tərəfindən bir il bundan qabaq teatra verilən səsgücləndirici aparatı qurmaq üçün pul olmadığını, işıq texnikasının bərbad olmasını, zaldakı oturacaqların çoxunun sınıq olduğunu, san uzellərin lazım olan səviyyədə işləməməsini və başqa ciddi məsələlər haqqında danışdım. Həmin vaxt Zülfü müəllim təklif etdi ki, bütün bu məsələləri yalnız Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru Zamin Hüseynov həll edə bilər. Onunla telefonla danışdı və bildirdi ki, Ağalar İdrisoğlu sabah sizin yanınıza gələcək. Teatrın bütün işlərində onlara köməklik etmək lazımdır.

Zamin müəllim razılıq verdi və mən səhəri günü günortadan sonra onunla görüşdüm. O, məni çox səmimi qarşıladı və bu vəzifəyə təyin olunmağım münasibətilə təbrik etdi. Onunla iki saata qədər söhbət etdik. Söz verdi ki, bütün problemlərimizi həll edəcək, təki biz yaxşı tamaşalar hazırlayaq. Teatrda baxdığı tamaşaları elə maraqlı təhlil etdi ki, mən onun belə teatral olmasına mat qaldım. Hətta Moskvada Xalq Təsərrüfatı Akademiyasında təhsil aldığı vaxt çoxlu tamaşalara baxdığını, klassik dramaturqlarımızın pyeslərini oxumasını, onlardan maraqlı sitatlar gətirməsi də məni valeh etdi. Mən də təklif etdim ki, sizin bu köməkliyinizə görə Sintez-Kauçuk İstehsalat Birliyinin bütün tədbirlərini də bundan sonra teatr özü keçirəcək. Həmçinin ona təklif etdim ki, sizi teatrın bədii şura üzvü seçək və tamaşaların daxili baxışında gəlib öz ürək sözlərinizi deyərsiniz. O isə belə təklif etdi və dedi: “Biz dörd dostuq, Nərçə Ağayev, Nurəddin Babayev, Ucal Qasımzadə və mən. Bizim dördümüzü də bədii şuranın üzvü seçin. Biz, teatrın bütün işlərində də sizə köməklik edərik”.

Onunla razılaşdım. Zamin müəllim qısa bir vaxtda teatra Mədəniyyət Sarayından əlavə 15 otaq ayırdı. Həmin vaxt üçün böyük pul tələb edən səsgücləndirici aparatı və işıq sistemini zavodun maliyyəsi hesabına lazım olan səviyyədə qurdurdu. Tamaşaçı zalını və qrim otaqlarını tam təmir etdirdi. Beləliklə, həmin dörd insanla teatrın əsl dostluğu başladı. Bundan da teatr və Sumqayıt tamaşaçıları çox qazandı. Hətta 1991-ci ilin noyabrında mənim ideyamla Sumqayıt Dövlət Dram Teatrı, Musiqili-Dram Teatrı olanda və teatra əlavə 80 ştat veriləndə “Azmənzilsənayetəmirtikinti” İstehsalat Birliyi ilə Sumqayıt Sintez-Kauçuk İstehsalat Birliyi Kimyaçıların Mədəniyyət Sarayındakı səhnədə orkestrovkanın qurulmasına, səhnənin genişləndirilməsinə, zalda əlavə səsgücləndiricilərin düzəldilməsinə də böyük maliyyə köməkliyi etdi. Həmin vaxtlar Zamin Hüseynovun rəhbərliyi ilə Sintez-Kauçuk İstehsalat Birliyi xarici ölkələrə satdığı məhsullarla Azərbaycana çoxlu valyuta gətirirdi. Hətta Zamin müəllimin kabinetində olanda o, mənə çoxlu məişət qablarının, stol, stul, şkaf, şfaner, mebel dəstləri olan modellər də göstərmişdi. Deyirdi ki, tezliklə kauçuk sexini işə salıb, etilen-polietilen, polipropilen və polistrol məhsulları da istehsal etməklə bütün bu məişət, texnika məhsullarını istehsal edəcəyik və Azərbaycana daha çox xarici valyuta gətirəcəyik. Biz də həmin günü səbirsizliklə gözləyirdik. Amma bu məqamda Zamin Hüseynovu guya “Azərikimya” Dövlət Şirkətinə daha böyük vəzifəyə gətirmək adı ilə Sintez-Kauçuk İstehsalat Birliyinin baş direktoru vəzifəsindən çıxardılar. Bununla da həmin müəssisə tənəzzülə uğradı və Zamin Hüseynov da az bir vaxtdan sonra dünyasını dəyişdi...

Biz uzun illər Zamin Mirəli oğlunu yaxından tanıyan, onunla bir yerdə işləyən, onun vaxtında Sintez-Kauçuk İstehsalat Birliyinin fəhlə-təchizat idarəsinin rəisi vəzifəsində işləyən, hal-hazırda isə Sumqayıt bələdiyyəsinin şöbə müdiri Fəxrəddin Rəhimovla oturub, çox adamın bilmədiyi bəzi məqamlara işıq salırıq. Fəxrəddin müəllimin Zamin Hüseynovla bağlı xatirələrini çözələyirik:

- Sizin tanışlığınız nə vaxtdan başlayıb?

- Mənim onunla tanışlığım, Zamin müəllim hələ Superfosfat zavodunun direktoru olandan başlayıb. Sonra da bu dostluq o, Moskvadan qayıdıb, 1980-ci ildə Sintez-Kauçuk İstehsalat Birliyinin direktoru təyin olunandan sonra davam elədi. O, həmin vaxtı Xalq Təsərrüfatı Akademiyasını əlaçı diplomu ilə bitirib Azərbaycana qayıdandan sonra ulu öndər Heydər Əliyev onu kabinetinə dəvət etmişdi. Çünki Zamin müəllimi Moskvaya oxumağa da dahi rəhbər özü göndərmişdi. Onu Ulu Öndər Sintez-Kauçuk İstehsalat Birliyinin direktoru təyin edib və təbrik edəndən sonra da pəncərədən Qara şəhəri göstərib və deyib: “Onu da bil ki, Sintez-Kauçuk zavodunun nəzdində EP-300 qurğusu tikiləcək. Neftin istehsalının da bir hissəsi həmin EP-300 qurğusunda hasil olacaq. Daha sonra bu Qara şəhər də olmayacaq. Əgər sən mənim ümidlərimi doğrultmasan qırmızı diplomla bitirdiyin Akademiya da sənə kömək edə bilməyəcək”.

Zamin müəllim də söz verib ki, ona olan bütün ümidləri doğruldacaq. Həmin vaxtı mən Sintez-Kauçuk İstehsalat Birliyi fəhlə-təchizat idarəsinin rəisi idim. Zamin müəllim ora direktor təyin olunanda artıq üç il idi ki, bu vəzifədə işləyirdim. O, elə ilk gündən həmin müəssisədə böyük dönüş yaratdı. Hər bir işi ilə insanların qayğısını çəkən, yüksək təşkilatçı bir rəhbər olduğunu sübut elədi. Mən ondan sonra 13 direktorla da işləmişəm. Amma onun kimi fəhlənin qədrini bilən, savadlı və təmiz insan görmədim. Hətta bu gün də vaxtı ilə Zamin müəllimlə bir yerdə işləyən insanlarla rastlaşanda hamı onu böyük sevgi ilə yad edir. Onun haqqında pis söz deyən adama heç vaxt rast gəlməmişəm.

- EP-300 qurğusunun tikintisi yadınızdadırmı?

- Əlbəttə, yadımdadır. Həmin vaxtı Mərkəzi Komitənin məsul işçisi vardı, Xudaverdi Hənifəyev. O, daim Zamin Hüseynovla mübahisə edirdi. Onların da mübahisəsi onun üstündə idi ki, Xudaverdi müəllim istəyirdi ki, işlər çox tez sona yetsin. Zamin müəllim isə istəyirdi ki, EP-300 qurğusu tez tikilsin, amma keyfiyyətli inşa edilsin. Adi bir misal. Hənifəyev deyirdi ki, kabellər estakadanın üstündən getsin və bu iş çox da vaxt aparmasın. Amma Zamin müəllim deyirdi ki, belə olmaz. Kabellər latoklarda, tranşeylərdə getməlidir ki, sonra texniki təhlükəsizlikdə problemlər yaranmasın. EP-300 qurğusu da onun böyük səyi, böyük əməyi sayəsində elə vaxtında, 1988-ci ildə istifadəyə verildi. Özü də dekabr ayının 31-də ilk məhsul istehsal olundu. Həmin vaxtı Moskvadan iki nümayəndə də gəlmişdi. Zamin müəllim də onları evə aparıb və yeni ili bir yerdə qarşılayıblar. Sonra onları Qonaq evinə göndərib. Gecə saat 3-də onu oyadırlar ki, zavodda yanğın var. Təsəvvür edin ki, bütün günü zavodun istehsalata buraxılması ilə məşğul olan yorğun adam necə olar. O, bu sözləri eşidən zaman tez zavoda gəlir və görüb ki, EP-300 qurğusu yanır. Bu qurğu da böyük bir zavoddur. O, çox böyük həyəcanla estakadanın üstünə qalxıb ki, görsün yanğın haradan başlayıb. Yanğın söndürənlərə də deyib ki, məni alovdan qoruyun. Görüm yanğın niyə başlayıb. O, estakadada yanğın olan yerə diqqətlə baxıb və aşağıda olanlara deyib ki, filan vintili bağlayın. Vintili aşağıdan bağlayandan sonra alov səngiyib və demək olar ki, tam azalıb. Həyəcandan Zamin müəllim estakadadan düşə bilməyib. Elə bil ki, onun ayaqları tutulub. Yanğınsöndürənlər onu çox çətinliklə aşağı düşürüblər. Sonra məlum olub ki, hansısa vintil boş imiş, hazır məhsul 140 dərəcə ilə axırmış həmin vintilin üstünə, oradan da par keçirmiş və həmin məhsul alovlanmışdır. Yəni hansısa bir operatorun səhlənkarlığı ucbatından bu baş vermişdi. Beləliklə, alovun qarşısı tezliklə alınıb və bütövlükdə zavoda keçməyib. Bu, Zamin müəllimin böyük ağılı və şücaəti idi. Təkcə Sumayıtda yox, respublikada hamı onun bu qəhrəmanlığı haqqında danışırdı. EP-300-lə bağlı bir hadisə də danışım. Orada böyük kalonların biri partladı. Zavoda böyük ziyan dəydi. Həmin vaxtı Zamin Hüseynov ezamiyyətdə idi. O, ezamiyyətdən qayıdandan sonra günahkarlar gözləyirdi ki, onları cazalandıracaq, kimlərisə işdən çıxaracaq. Amma o, gəlib işlə özü tam tanış olandan sonra bütün rəhbər işçiləri kabinetinə yığıb, çox sakitliklə, təmkinlə dedi: “Artıq hadisə baş verib. Gedin istirahət edin və sabah gəlin, fikirləşək ki, bu hadisəni aradan necə qaldıraq”. Bax o, belə humanist və heç bir kin-küdurəti olmayan insan idi. Həmin vaxtı Azərbaycanda böyük xaos hökm sürürdü. Moskvadan zəng vurub, dedilər ki, mütəxəssislər göndərək gəlib, orada işləri bərpa eləsin. Amma Zamin müəllim razı olmadı və dedi ki, hər şeyi özümüz qısa vaxda yoluna qoyacağıq. Elə də oldu. Hər şey çox az bir vaxtda yoluna qoyuldu. Həmin vaxtı Rusiyada olan EP-300 zavodunda da partlayış olmuşdu. Amma baxmayaraq ki, Rusiyada mütəxəssislər çox olsa da həmin zavodu uzun müddət bərpa edə bilmədilər. Bu da Zamin Hüseynovun öz işini bilən mütəxəssis olduğuna bir sübutdur.

- O, çox istəyirdi ki, Sintez-Kauçuk İstehsalat Birliyində məişətdə və texnikada işlədilən çoxlu məhsullar da istehsal edib, Azərbaycana daha böyük gəlirlər gətirsin. Amma bu iş həmin vaxtı alınmadı. Bunun səbəbi nə idi?

- Həmin vaxtı onun kabinetində bununla bağlı üç plakat vardı. Plakatlar etilen-polietilen, polipropilen və polistrola aid idi. O, istəyirdi ki, bu məhsulları əldə etsin. Yəni Sintez-Kauçuk İstehsalat Birliyində bunlar istehsal olunsun. Bununla bağlı bir neçə xarici ölkə ilə də müqavilələr imzalanmışdı. Əgər bu məhsullar istehsal olunsaydı Azərbaycana böyük gəlirlər gələcəkdi. Həmin vaxtı artıq Xalq Cəbhəsi hakimiyyətə gəldi. Böyük xaos hökm sürürdü. Sonra da Zamin Hüseynov 1994-cü ildə Sintez-Kauçuk İstehsalat Birliyinin direktoru vəzifəsindən “Azərikimya” Dövlət Şirkətinə xarici ölkələrlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə keçirildi və bu maraqlı ideya reallaşmadı. O, 6 il bu şöbəyə rəhbərlik etdi və 2000-ci ildə 62 yaşında dünyasını dəyişdi. Onu da vurğulayım ki, Zamin müəllim ulu öndər Heydər Əliyevi çox sevirdi və həmin xaos dövründə çox istəyirdi ki, dahi rəhbər hakimiyyətə gəlsin. Bununla bağlı cəbhənin hakimiyyəti vaxtı dəfələrlə öz çıxışlarında bu haqda danışırdı. Ulu Öndər də ona çox inanırdı. Zamin Hüseynov Superfosfat zavodunun direktoru olanda kənd təsərrüfatı işçiləri ilə hansısa bir müşavirə keçiriləndə gübrə ilə bağlı məsələdə ulu öndər Heydər Əliyev onun fikirlərini də öyrənirdi.

Zamin Hüseynovun vaxtında Sintez-Kauçuk İstehsalat Birliyində 6 min 500-dən çox işçi vardı. O, çalışırdı ki, bütün işçilərin problemləri tam həll olunsun. Hamı yaxşı əmək haqqı alıb, ailəsinin bütün problemlərini həll etsin. Hətta həmin xaos dövründə də bizim müəssisə Zamin Hüseynovun vaxtında öz işinin öhdəsindən tam gəlirdi və orada işləyən insanların da heç bir problemi olmurdu. Baxmayaraq ki, Zamin Mirəli oğlu Hüseynov 20 ildir ki, haqq dünyasına qovuşub, biz onu heç vaxt yaddan çıxarmamışıq. Həmişə də heyifsilənirik ki, belə gözəl mütəxəssis vaxtından tez dünyasını dəyişdi. O, həqiqətən də Azərbaycan kimya sənayesinin çox böyük mütəxəssislərindən biri idi. Bu gün Sumqayıtda kimya sənayesinin həmin xaos vaxtında dağılmamasının qarşısını alanlardan biri də məhz Zamin Hüseynov olmuşdu.

P.S. Fəxrəddin Rəhimovdan ayrılandan sonra və bu yazını işləyəndə də Zamin müəllimin gözəl siması, uşaq təbiətli gülüşü, xeyirxah əməlləri gözlərimin qabağından getmirdi. Onunla bağlı xatirələrim beynimdə kino lenti kimi canlanırdı... Bir məsələyə sevinirəm ki, bu gün Zamin müəllimin oğlu Emin Zamin oğlu Hüseynov mənim bir vaxtlar işlədiyim Ağdam şəhərinin prezidentimiz cənab İlham Əliyev tərəfindən təyin olunmuş səlahiyyətli nümayəndəsidir. Emin müəllimi yaxşı tanıdığımdan, onun ağlına, savadına, işgüzəranlığına, təşkilatçılığına yaxşı bələd olduğumdan, inanrıram ki, Emin Hüseynov ölkə başçısının və xalqımızın inamını tam doğruldacaq və Ağdam əvvəlki kimi gözəl bir şəhər olacaq. Axı o, böyük ziyalı Zamin müəllimin tərbiyəsini alıb. Atalarımızın da belə bir maraqlı məsəli var: “Ot kökü üstündə bitər”.

Ağalar İDRİSOĞLU,

Əməkdar incəsənət xadimi

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN