Gürcüstanda yardım üçün1 milyon 117 min lari vəsait toplanıb - Azərbaycan da Ukraynaya milyonlarla avroluq humanitar yardım göndərib
Gürcüstan KİV-nin məlumatına görə, bu barədə paytaxt meri Kaxa Kaladze bildirib.
Kaladze prosesdə iştirak edən hər kəsə bir daha təşəkkür edib: "Təbii ki, bu vəsait ukraynalı bacı və qardaşlarımıza kömək üçün istifadə olunacaq. Yenidən məhsul almaq və ya birbaşa pul köçürmək olub-olmamasına necə kömək edəcəyimizə yaxın bir neçə gün ərzində qərar verəcəyik. Ukrayna səfirliyi ilə məsləhətləşmələrimiz olacaq və müvafiq olaraq qərar qəbul edəcəyik", - deyə Kaladze bildirib. O həmçinin qeyd edib ki, Şəhər Şurası ilə razılaşdırılmış qərara əsasən, Tbilisidəki ukraynalı ailələrin uşaqları heç bir ödəniş etmədən uşaq bağçalarına gedə biləcəklər.
Xatırladaq ki, Azərbaycan da Ukraynaya bir neçə dəfə humanitar yardım göndərib. Martın 5-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ukraynanın müraciətinə əsasən, son 24 saat ərzində Azərbaycan 5 milyon 500 min avro məbləğində humanitar yardım olan dərman vasitələrini Polşa üzərindən Ukraynaya çatdırıb.
Bu günlərdə də ölkəmizdən Ukraynaya 380 ton qida məhsulları, dərman və tibbi ləvazimat yükü göndərilib.
Bununla yanaşı, Azərbaycan vətəndaşları da könüllü olaraq öz vəsaitləri hesabına Ukraynaya yardımlar toplayır.
Həmçinin qeyd edək ki, “Təzadlar”ın əməkdaşı Teyyub Abdullayev də Gürcüstandakı iki mənzilini vətənindən didərgin düşmüş Ukraynadan gələn ailələrin ixtiyarına verib. Azərbaycandakı evini də Ukraynadan gəlmək istəyən hər hansı bir ailəyə verməyə də hazırdır. Onlar istədikləri qədər bu mənzillərdə qala bilərlər.
Qəzetin baş redaktoru Asif Mərzili də ukraynalılara öz dəstəyini bəyan edib.
Y.MƏMMƏDLİ