Bir müddətdir, bazarlarda qiyməti 30- 50 qəpiyə satılan soğanın qiyməti üçqat bahalanaraq, 1 manat 50 qəpiyə satılır, amma…

…Bu gün paytaxtın ən ucuz bazarı deyilən – 8-ci kilometrdəki bazarda olduq. Qıtlaşdığı üçün qiymətinin bahalaşdığını  deyənlərin söylədiklərinin əksinə olaraq, soğan dolu maşınlar,  bazar boyu düzülmüş soğan tayları bu məhsulun heç də qıt olmadığını göstərirdi. Satıcılar soğan kisələrini 23-26 manata təklif edirdi - kiloqramla qiymətinin 80 qəpik, 1 manat təşkil edəcəyini deyirdilər…

 Təbii ki, yaz vaxtı kisə ilə soğanı heç kəs almaz. Bu kisələri soğan alveri ilə məşğul olanlar, yaxud restoran və kafelər… ala bilər. Evinə həftəlik bazarlıq edənlər bu məhsulu kiloqramla almaqda maraqlıdır.

Qeyd edək ki, bazarda satılan soğan, əsasən Ağdamda yetişdirilmiş məhsuldur. Bunu, piştaxtalarda soğanın qiyməti yazılmış kağızların üstünü oxumaqla da bilmək olur. Piştaxtalara yığılmış sarı qabıqlı soğanın qiyməti 1 manata, 1 manat 20 qəpiyə, qırmızı soğan isə 2 manata təklif olunur. 

Adətən məhsul qıtlığı və bahalığı o halda yaşanır ki, qonşu ölkəyə ixrac olunur. Ukrayna – Rusiya  müharibəsi başladığı üçün belə bir ixrac da dayanıb – yoxdu. Lakin bu da qiymət artımına mane ola bilməyib…

Qeyd edim ki, qalaq-qalaq yığılmış soğan kisələrində artıq soğanın çoxunun cücərdiyi,  çürüməyə başladığı hiss olunur. Aprelin sonu, mayın əvvəli isə təzə soğan tədarük olunmağa başlayacaq - bazarlara daşınacaq və bolluq yaranacaq. Alverçi-satıcıların isə israrla artıq çürümək, hətta çoxunun bir həftəyə cücərəcəyi soğanın qiymətində endirim etməməsi anlaşılmazdır. Cücərmək üzrə olan  soğanın az bir zaman ərzində zibilxanaya göndəriləcəyi də göz önündədir. Yenə də eyni anlayış: “zibilxanaya ataram, ucuz satmaram”.

Soğan əkini ilə məşğul olanlar ucuzlaşmanın 20 günəcən bazarlara çıxarılacaq təzə soğan partiyalarından sonra başlayacağını bildirirlər. Alıcılara səbr etmək qalır…

P.S. Bir nüansı da diqqətinizə çatdırım ki, bazarda təklif edilən qiymətlər eynilik təşkil edir, hiss olunur ki, bazardakı qiymətlər eyni əl ilə idarə olunur…  

 

JASMİN     

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN