Rəqəmsal torpaq xəritələri, milli məkan məlumatları informasiya sistemi nə üçün ləngiyir ?

 Uzun müddətdir ki, rəqəmsal torpaq xəritələri, milli məkan məlumatları informasiya sistemi ləngiyir.

 Bunu tanınmış ekspert, QHT rəhbəri Osman Gündüz bildirib.

 “Uzun müddətdir ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti torpaqların elektron kadastr uçotu informasiya sistemi üzərində işlərin aparıldığı, hətta başa çatdırıldığı haqqında məlumatlar verir. Rəqəmsal kadastr xəritəsinin də xeyli müddət öncə hazır olması bildirilmişdi.

Bununla bağlı ümumi istifadədə olan bir Portal da hazırlanırdı. Lakin adı çəkilən resurslar hələlik ortada yoxdur.

Hansı ki, bu resurslar Prezidentin 7 mart 2016-cı ildə imzaladığı Fərmana görə 4-5 il öncədən hazır olmalıydı. Qurum 2020-ci ilədək işlərin tam başa çatdırılacağını da açıqlamışdı.

Xatırladıram ki, kadastrla bağlı qaydalar hələ on illər bundan öncə Prezident tərəfindən təsdiqlənib” – deyə bildirib.

Ekspert vurğulayıb ki, Azərbaycanın bütün sektorlarında gedən rəqəmsal transformasiya proseslərində rəqəmsal torpaq xəritələri mühüm əhəmiyyət kəsb edir.

“Bu tip resurslar dövlət , özəl və vətəndaş cəmiyyyəti sektorları uçun, bələdiyyələr üçün olduqca faydalıdır. Adı çəkilən resurslarda hər bir torpaq parselinin təyinatı, hüdudları, onların üzərindəki tikilinin ünvanı, o cümlədən tikintialtı sahəsi, perimetri, koordinatları, torpağın keyfiyyət göstəriciləri və s. barədə müfəssəl məlumatlar verilməlidir.

Əlbəttə, mürəkkəb prosesdir. Hazırlanacaq resurslarda torpaq sahəsində hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqlar tənzimlənməlidir.

Bununla bağlı Prezidentin 15 iyul 2021-ci il tarixli Fərmanına uyğun olaraq da Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu cür uyğunsuzluqlarla bağlı dürüstləşdirmə işləri aparılmalıydı” qeyd edib.

Osman Gündüz hələ pandemiyadan öncə, 2016-2019-cu illərdə bu resursların hazırlanması üzərində bir xeyli işlər görüldüyünü və bir neçə dəfə təqdimatlar olduğunu da xatırladıb.

Ekspertin sözlərinə görə, lakin səalhiyyətli qurum uzun illər bunun üzərində ciddi işlərin getməsini bildirsə də, təəssüf ki, hələlik bu resurslar əlçatan deyil və nə zaman istifadəcəyə hazır olacağı haqqında da rəsmi bir açıqlama yoxdur.

“Yeri gəlmişkən, xatırlatmaq istərdim ki, elektron hökumətin əsas tərkib hissələrindən biri olan Milli Məkan Məlumatları ilə bağlı vəziyyət də elə kadastrda olduğu kimidir.

Prezidentin 28 dekabr 2018-ci il tarixli Fərmanı ilə “Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları” təsdiq edilib.

Fərmana uyğun olaraq Əmlak Məsələləri Dövlət Xidməti Milli Məkan Məlumatları İnformasiya Sistemini yaratmalı və eGov-a inteqrasiya etməliydi.

Bu işlərin görülməsi uçun İsrailin beynəlxalq “Ofek Aerial Photography” şirkəti ilə müqavilə də bağlanmışdı

Milli Məkan Məlumatları İnformasiya Sisteminin hazırlanması ilə bağlı da xeyli işlər görülmüşdü, 2019-cu ilin sonuna hazır olacağı bildirilirdi.

Sistemin operatoru olan Əmlak Məsələləri Dövlət Xidməti bu işləri Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birgə reallaşdırmalıydı.

Lakin təəssüf ki, Məkan Məlumatları İnformasiya Sisteminin hazırlanması ilə bağlı Prezident fərmanı da hələlik icra edilməyib”, - bildirib.

 

Xatırladaq ki, Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması QAYDALARI Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli Fərmanı ilə  təsdiq edilmişdir. 

Y.MƏMMƏDLİ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN