Təəssüflər olsun, bütün tədbirlərə baxmayaraq narkomaniyaya könül vermiş qadınların sayı narahatlıq doğurmaqdadır…
…Günah kimdədir? Niyə qadınlarımız narkomaniyaya qurşanır, yaxud onun satışı ilə məşğul olurlar? Onları bu bəlaya məşğul və cəlb edən kimdir? Doğrudanmı onları bu mənfur bəlaya cəlb edənlər cəmiyyətimizin gələcəyini doğacaq, tərbiyə edəcək… qadınlarımızın məhvə məhkum edilməsinin məsuliyyətini dərk etmirlər?
***
Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elşad Hacıyevin gündəlik kriminal statistika məlumatları sosial mediada və mətbuatda yayımlanmaqdadır. Hər gün ölkənin ayrı-ayrı rayonlarında saxlanılan narkoistifadəçilərin və narkotacirlərin geniş siyahısı verilir. Bakının Binədədi, Yasamal və digər rayonlarında hər gün onlarla belə xəstələrin-cinayət subyektlərinin adı siyahılanır. Bütün tədbirlərə baxmayaraq onların sayı azalmır? Və ən pisi odur ki, bu siyahıda qadınların öz xüsusi çəkisi var. Bəs bu qadınları belə çirkin fəaliyyətə cəlb etmədə məqsəd nədir?
Narkomaniya və gender, ailə və demoqrafiya problemləri…
Dövlət Statistika Komitəsinin rəsmi məlumatlarına diqqət yetiririk. Təəssüf hissi doğuran rəqəmlər var. Budur, 1993-cü ildən 2021-ci ilədək olan dövrdə cinayət törətmiş qadınların sayına və cinayətin xarakterinə və ya növünə diqqət edirik. Məsələn, 1993-cü ildə ümumən cinayət törətmiş qadınların sayı 727 olubsa, bu rəqəm sonrakı illərdə belə olub: 1996-1172, 2001-1693, 2022-2419, 2005-2520, 2021-1168.
Ümumən cinayət törətmiş qadınların sayında son illər azalma var, lakin törədilmiş cinayətlərin növlərinə gəlincə, təəssüfləndirici faktlarla rastlaşırıq. Məsələn, qeyd olunan cinayət törətmiş qadınların törətdikləri cinayətlərin növlərinə nəzər salaq. Statistika göstərir ki, qadınların törətdiyi cinayətlər daha çox dələduzluq, oğurluq və narkotika ilə bağlıdır. Necə deyərlər, qadın-xanım hara, dələduzluq, oğurluq və narkotika hara?!
Sual çoxdur, amma cavabı hələki tapılmır… Məsələn, 1993-cü ilən 727 qadın cinayət törədibsə, onların 157-si narkotiklə bağlı olub. 1996-cı ildə isə vəziyyət bir az dəyişib, 138 qadın oğurluq edib, 43-ü isə dələduzluq əməli törədib. Amma narkotika ilə bağlı vəziyyət dəhşətlidir. 1996-cı ildə 1172 qadın cinayət törədibsə, onların təxminən 30 faizi, yaxud 352-si narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olub.
Maraqlı fakt üzə çıxır. Məsələn, əgər 1996-cı ildə 89 qadın xuliqanlıq cinayəti törədibsə, bu rəqəm 2003-cü ildə 206, 2006-ci ildə 169, 2006-cı ildə 234, nəhayət, şükür ki, ötən il 43 olub. Amma dələduzluq və oğurluq cinayəti törətmişq qadınların sayında artım olub. Məsələn, ötən il 103 qadın oğurluq edib, 159-u dələduzluq, 33-ü xuliqanlıq, 142-si isə, yuxarıda qeyd olunduğu kimi, narkotik vasitələrlə bağlı cinayət törədib.
Narkotiklə bağlı qadın məhkumluğu…
Dövlət Statistika Komitəsindən aldığımız statistik rəqəmlər sırasında ölkə üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törədib məhkum olunanların say tərkibi diqqəti çəkir. Bu sırada təəssüf ki, yenə də qadınlara rast gəlirik. Məsələn, 2000-ci ildə narkotiklə bağlı 1658 nəfər məhkum olunubsa, onun 100-ü qadın olub. Bu rəqəm illər üzrə belədir: 2002-ci ildə 107, 2007-ci ildə 80, 2919-da 78, 2021-də 93.
Ümumilikdə isə, ölkə üzrə cinayətkarlığın statistikasında qadınların xüsusi çəkisi belədir: 1993-cü ildə 14968 nəfər cinayət törədibsə, onun 727-si qadın olub. Bu statistika sonrakı illər üzrə belədir: 2005-də 17303 cinayət törədilibsə, onun 2520-ni qadınlar törədib. 2019-cu ildə isə törədilmiş 17823 cinayətin 1039-u, 2021-ci ildə törədilmiş 21206 cinayətin 1168-i qadınlara məxsus olub.
Məhkumluqda da oxşar hal müşahidə olunur: 1993-cü ildə ölkə üzrə xüsusi cinayətkarlıqla əlaqəli məhkum olunan 10782 nəfərin 392-si qadın olub. Yaxud, 2009-cu ildə məhkum olunan 14496 nəfərin 1189-u qadın olub. 2021-ci ildə isə 15649 məhkumun 600-ü qadın olub.
***
Təbii ki, hətta bir qadının belə narkotiklə bağlı məhkum olunması, cəmiyyətimiz üçün mənfi haldır, yolverilməzdir. Qadınları müqəddəs varlıq, gələcəyimizin tərbiyəçisi kimi görmək istədiyimiz bir vaxta, onların məhkum olunması necə başadüşüləndir? Azərbaycanın 44 günlük Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoyub tarixi qələbə çalmış igidlərimizi də doğan qadınlardır, analardır. Bəs necə qıymaq olar ki, oğulu qəhrəman, şəhid olan anaların say sırasında məhkumluğu, narkotikaya meyillənməsi olanlar da olsun?!
Deməli, cəmiyyət də bu məsələdə fəal olmalı, profilaktik tədbirlərin təsir vasitələri artırılmalıdır.
***
Yazı çapa hazırlanarkən Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi ilə bağlı məlumat mediada yayımlandı. Yenədə Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində paytaxt ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda narkotik vasitələrin satışını və paylanmasını təşkil edən dəstə üzvləri saxlanılıb. Daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı dəstə başçısı Mahir İsayev, onun tanışları Lətif İsmayılov, Araz Həsənov və Niyazi Muradəliyev tutularaq istintaqa təqdim ediliblər. Bu şəxslərin üzərindən və yaşadıqları evlərdən 20 kiloqrama heroin və 5 kiloqramdan artıq psixotrop maddə metamfetamin aşkar edilib.
Araşdırma zamanı müəyyən edilib ki, Mahir İsayev əvvəlcə “instagram” sosial şəbəkəsində xarici ölkələrdən birində yaşayan narkotacirlə tanış olub. Onun narkokuryerlik təklifi ilə razılaşan saxlanılan şəxs daha sonra bu işə öz tanışlarını da cəlb edib. Dəstə üzvləri qaçaqmalçılıq yolu ilə ölkəyə göndərilən narkotik vasitələri Astara rayonunda əldə edəndən sonra satmaq məqsədi ilə paytaxt ərazisinə gətiriblər. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Bundan başqa, Binəqədi rayonu, xüsusən Biləcəri qəsəbəsi ərazisində son 5 gün ərzində narkotik vasitələrin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı əlavə olaraq 20 nəfər tutularaq istintaqa cəlb edilib. Saxlanılanlar Binəqədi rayonunda narkotik maddələrin satışını təşkil edən şəxslər olublar. Onlardan külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop tərkibli həblər aşkar olunub. Saxlanılanların cinayət əlaqələrinin müəyyən edilməsi, həmçinin Binəqədi rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulması istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir. Və təəssüflər olsun, yenə də saxlanılanlar arasında qadınlar var…
Niyə, nə olub, nə bəladır ki, qurtula bilmirlər? Axı kişilərin qurşandığı bu bəlalar içində qadına yer olmamalıdır. Bu yeri onlara hazırlayanlar isə ən ağır cəzaya məhkumdur.
A.Məmmədli
(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. İst.6.3.18).