Moskvada 235-ci Qarnizon Hərbi Məhkəməsi istintaqın tələbi ilə Rusiya Silahlı Qüvvələrinin Baş Rabitə İdarəsinin rəisi - Baş Qərargah rəisinin müavini, general-leytenant Vadim Şamarini həbs edib.
TEZADLAR.AZ xəbər verir ki, bu barədə “İnterfaks”a məhkəmənin mətbuat xidmətindən məlumat verilib.
“Məhkəmənin 22 may 2024-cü il tarixli qərarı ilə Vadim Şamarin barəsində iki ay müddətinə həbs qətimkan tədbiri seçilib”, - agentliyiə bildirilib.
Məhkəmənin məlumatına görə, Vadim Şamarin xüsusilə külli miqdarda rüşvət almaqda ittiham olunub, lakin məhkəmə istintaq sirrini əsas gətirərək başqa şərh verməkdən yayınıb.
Məlumatlı mənbənin "İnterfaks"a verdiyi məlumata görə, Vadim Şamarin dövlət müqavilələrinin verilməsində rüşvət almaqda ittiham olunur və o, cinayət işi üzrə dindirilmək üçün gətirilib.
Qeyd edək ki, Şamarin son bir ayda həbs olunan ilk rus generalı deyil.
Aprelin sonunda Rusiya Federasiyasının müdafiə nazirinin müavini Timur İvanov korrupsiya işi ilə bağlı saxlanılıb. Mayın ortalarında Müdafiə Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi, general-leytenant Yuri Kuznetsov həbs edilib. 58-ci Ordunun keçmiş komandiri general-mayor İvan Popov isə 2024-cü il mayın 21-də dələduzluq ittihamı ilə həbs edilib.
Xatırladaq ki, Vadim Şamarinin 52 yaşı var. O, Novoçerkasski Ali Hərbi Komandanlıq Rabitə Məktəbi və Hərbi Rabitə Akademiyasının məzunudur.
Şamarin 2021-ci ildə Rusiya SQ-nin Baş Rabitə İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
JASMİN