Yanvar-iyul ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.

Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasından Tezadlar.az-a verilən məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 6458 cinayət faktı aşkarlanıb. Onlardan 1974-ü narkotik vasitələrin qanunsuz satışı, 4313-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 168-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.

Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 4 ton 299 kiloqram 831,849 qram narkotik vasitələrin və psixotrop maddələrin 443 kiloqram 879,659 qramını heroin, 3 ton 477 kiloqram 782,82 qramını marixuana,103 kiloqram 273,041 qramını tiryək, 29 kiloqram 400,501 qramını həşiş, 137 kiloqram 768,528 qramını psixotrop maddələr, 107 kiloqram 727,3 qramını digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 13 min 568 ədəd metadon, 7902 ədəd çətənə kolu, 637 qram və 1472 ədəd güclü təsir edən və 2 kiloqram 174,5 qram zəhərli maddə qanunsuz dövriyyədən götürülüb.

Hesabat dövründə Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və digər aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə 1043,7 hektar sahədən 2 689 257 ədəd yabanı halda bitmiş narkotik tərkibli bitkilər müəyyən olunaraq müvafiq qaydada məhv edilib.

Qanunsuz dövriyyədən çıxarılmış 4 ton 299 kiloqram 831,849 qram narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 115 milyon 733 min AZN kimi qiymətləndirilir.

Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 4400 nəfər cəlb edilib, onlardan 16-18 yaşadək 1 nəfər, 18-25 yaşadək 332 nəfər, 26-29 yaşadək 707 nəfər, 30 yaş və ondan yuxarı isə 3360 nəfər təşkil edir. Həmin şəxslərdən 4265-i kişi, 135-i qadın olub. Cinayət məsuliyyətinə cəlb edilmiş şəxslərdən 43 nəfəri xarici ölkə vətəndaşıdır.

Məsuliyyətə cəlb edilmiş 43 nəfər xarici ölkə vətəndaşından ümumilikdə 110 kiloqram 15 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.

Hüquq-mühafizə orqanları narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 157 fakt aşkar edib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 1 ton 524 kiloqram 132,349 qram narkotik vasitə və psixotrop maddə, 13 min 568 ədəd metadon həbi, 1470 ədəd güclü təsir edən maddə çıxarıblar.

Ümumiyyətlə, aşkar edilmiş cinayətlərin 199-u qrup halında törədilib və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 1 ton 303 kq 877,511 qr narkotik vasitə, psixotrop maddə və 85 qr güclü təsir edən maddə müsadirə edilib. 1780 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 1 ton 344 kiloqram 818,1 qram müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Təhlil göstərir ki, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 238, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 361, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 51, digər növ cinayət faktlarının sayı 27, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 8 fakt, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi 842 kiloqram 086,85 qram, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı isə 595 nəfər azalıb.

Bununla yanaşı, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə edilib saxlanılması ilə əlaqədar faktların sayı 201 fakt, qrup halında olan cinayətlərin sayı isə 31 fakt artıb.

2023-cü ilin 7 ayı ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində qanunsuz dövriyyədən çıxarılmış güclü təsirə malik narkotik vasitələrin, o cümlədən heroinin çəkisi 1 ton 154 kiloqram 736,72 qram (72,2 faiz), tiryəkin çəkisi 118 kiloqram 590,92 qram (53,4 faiz), həşişin çəkisi 21 kiloqram 585,601 qram (42,3 faiz), psixotrop maddələrin çəkisi 166 kiloqram 922,111 qram (60,8 faiz) azalıb.

Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə bu il aprelin 16-17-də müsadirə edilmiş narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları Məhvetmə Komissiyası tərəfindən 1741 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 3 ton 430 kiloqram müxtəlif növ narkotik vasitə və psixotrop maddə, 60 min 189 ədəd həb metadon, 58 min 773 ədəd narkotik xassəli çətənə bitkisi, həmçinin 3477 ədəd həb, 19 min 341 ədəd kapsul, 24 flakon, 4 ampula, 81,446 qram güclü təsiredici maddə, eyni zamanda, bu il iyulun 22-də Dövlət Sərhəd və Dövlət Təhlükəsizliyi xidmətlərində saxlanılan 17 cinayət işi üzrə barəsində məhvetmə qərarı qəbul edilmiş 248 kq 293,151 qr müxtəlif növ narkotik vasitələr yandırma üsulu ilə məhv edilib.

Həmçinin 36 şəhər və rayonda qanunvericiliyə uyğun olaraq az və xeyli miqdarda müsadirə edilmiş 1316 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı çıxarılmış 29 kiloqram 430,512 qram müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr, o cümlədən 226 ədəd çətənə bitkisi şəhər və rayon komissiyaları tərəfindən yandırma yolu ilə məhv edilib. Göstərilən dövr ərzində prosesə nəzarətin gücləndirilməsi nəticəsində bəzi şəhər və rayonlarda məhkəmə hökmü olmadan 17 cinayət işi üzrə maddi sübutların məhv edilməsinin, eyni zamanda, 9 hökm üzrə külli miqdarda müxtəlif növ narkotik vasitələrin məhv olunması hallarının qarşısı alınıb.

Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 49 min 154 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 1609 nəfərdən 1063 nəfəri istifadəçi olması müəyyən edilib və bununla bağlı zəruri tədbirlər görülüb.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna yeni yoluxma hadisələrinin sayında azalma müşahidə olunur. Ötən 7 ay ərzində İİV-ə 799 nəfər yoluxub. Onlardan 786 nəfəri Azərbaycan vətəndaşı, 13 nəfəri isə əcnəbi olub. Azərbaycan vətəndaşları arasında 43 nəfərini (5,4 faiz) inyekson narkotik istifadəçiləri təşkil edib.

Cari ilin yanvar-iyul ayları ərzində “802” qaynar xətt telefon zəng xidmətinə 1016 vətəndaş müraciəti daxil olub ki, onların 84-ü narkotik vasitələrin qanunsuz dövriyyəsi, 83-ü narkotik asılılıqdan müalicə, 849-u isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəalarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 167 məktub ünvanlanıb.

Belə ki, “802” qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılıb və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilib, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.

Hesabat dövrü ərzində Dövlət Komissiyasının İşçi qrupunun təşkilatçılığı ilə aidiyyəti dövlət qurumlarını cəlb etməklə ümumilikdə 89 tədbir (55 maarifləndirici və təşkilati tədbir, 24 təlim, 6 sosial layihə, 1 marafon və televiziya kanalında 3 verilişdə iştirak) təşkil edilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Tezadlar Arxiv

İDMAN