Ağdaş rayon prokurorluğunda Kotavan bələdiyyəsinin sədri, «Abadlıq-2012» MMC-nin direktoru və mühasibinin qanunsuz əməllərinə dair istintaqı aparılan cinayət işi yekunlaşıb.

 TEZADLAR.AZ xəbər veriri ki, bu barədə Baş Prokurorluqdan məlumat daxil olub.

İstintaqla, sədr Rəşad Səmədovun bələdiyyəyə ayrılmış pul vəsaitinin 207 min manat hissəsini MMC-nin direktoru Əli Cəbiyev və mühasibi İsmət Abdulkərimovla qabaqcadan əlbir olan bir qrup şəxs halında mənimsəmə və israf etmə yolu ilə talamasına, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatlar daxil etməsinə, qulluq mövqeyindən istifadə edərək kənd ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı torpaq sahəsi üzərində özbaşına tikinti işləri aparmasına, bələdiyyənin qanunla qorunan mənafelərinə mühüm zərər vurmasına əsaslı şübhələr müəyyən edilib.

  Eyni zamanda, istintaqla MMC-nin direktoru Əli Cəbiyevin əmək müqaviləsi hüquqi qüvvəyə minmədən vahid niyyətlə xeyli sayda işçiləri işlərin yerinə yetirilməsinə cəlb etməsinə əsaslı şübhələr müəyyən edilib. 

  Rəşad Səmədov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə), 188.4.2 (öz qulluq mövqeyindən istifadə etməklə torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 309.1 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri, Əli Cəbiyev 162-1.1 (əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 179.3.2, 188.4.2 və 313-cü maddələri, İsmət Abdulkərimov isə 179.3.2 və 313-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

  Həmçinin, Əli Cəbiyevin rəhbəri olduğu hüquqi şəxsin xeyrinə vəzifə saxtakarlığı cinayətini törətməsi müəyyən edildiyindən MMC barəsində Cinayət Məcəlləsinin 313-cü maddəsinə münasibətdə cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinə dair icraat başlanıb. 

  Cinayət işinin istintaqı zamanı təqsirləndirilən şəxslər tərəfindən vurulmuş maddi ziyanın 65 min manatı ödənilib, eləcə də, maddi ziyanın qalan hissəsinin ödənilməsini təmin etmək məqsədilə təqsirləndirilən şəxslərə məxsus 160 min manatdan artıq dəyərdə əmlaklar üzərinə həbs qoyulub.

  İş üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN