İtaliyanın müdafiə naziri Quido Krosetto ötən həftə fırıldaqçıların ölkənin ən varlı iş adamlarından pul toplamaq üçün süni intellektdən istifadə edərək onu təqlid etmələri üzə çıxdıqdan sonra səsini “şedevr” adlandırıb...
Bu dəfə telefon dələduzları süni intellekt vasitəsi ilə İtaliyanın müdafiə naziri Quido Krosettonun səsini təqlid edərək ölkənin məşhur iş adamlarını aldadıblar.
TEZADLAR.AZ xəbər verir, Krosetto əvvəlcə cümə axşamı günü X-dakı paylaşımında ictimaiyyəti davam edən fırıldaqçılıq barədə və fırıldaqçılar tərəfindənbir neçə məşhur şəxsə müraciət edildiyi barədə xəbərdar edib.
Süni intellektlə yaradılan "Krosetto" Yaxın Şərqdə saxlanıldığı güman edilən jurnalistlər üçün fidyə ödəməklə bağlı təcili şəkildə maliyyəyə ehtiyac olduğunu və bunu milli təhlükəsizlik məsələsi kimi təqdim edib.
İtaliya mətbuatının məlumatına görə, sxemin yüksək profilli qurbanları arasında İtaliyanın ən varlı adamları, o cümlədən "Prada" brendinin prezidenti Patrizio Bertelli, moda ikonu Giorgio Armani, "Pirelli & C.SpA"nın icraçı vitse-prezidenti Marko Tronçetti Provera, əczaçılıq nəhəngi Menarini Group-un sahibləri, odlu silah istehsalı ilə tanınan Beretta ailəsi və əvvəllər Milanın "İnter" futbol klubunun sahibi olan milyarder Massimo Moratti də var.
Saxta “nazir”in cəhdlərinin əksəriyyəti uğursuzluğa düçar olsa da, Moratti “La Repubblica”ya danışdıqdan sonra açıqlanmayan məbləği (bəzi məlumatlara görə, 1 milyon avro) köçürdüyünü etiraf edib.
Krosetto vəziyyətlə bağlı deyilən zarafatları paylaşaraq, hətta bir dostunun ona “dünyada bütün şah əsərlərin də saxta nüsxələri yayılır” faktı ilə təsəlli tapmasını da məsləhət gördüyünü bildirib...
Qeyd edək ki, İtaliya polisi hələ də şübhəlilərin kimliyini müəyyən edə bilməyib. Krosetto deyib ki, fırıldaqçılardan biri özünü "Covanni Montalbano" kimi təqdim edib və bu, İtaliyanın məşhur polis serialı "Gənc Montalbano"nu xatırladır...
JASMİN