Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənələrə bağlılıqdır. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: "Vətəni qorumaq öz ana torpağını, evini, obasını, yurdunu qorumaqdır. Vətəni qorumaq öz namusunu, şərəfini qorumaqdır. Vətəni qorumaq öz atasını, anasını, balalarını, övladlarını qorumaqdır. Vətəni qorumaq Azərbaycan xalqının tarixini, mənəviyyatını, əsrlər boyu əldə etdiyi milli mədəniyyətini, milli iftixarını qorumaq deməkdir. Bu, şərəfli yoldur. Bu, şərəfli vəzifədir".

Təbii ki, Azərbaycan Ordusunda xidmət edən hər bir əsgər bu şərəfli vəzifəni dərk edir, üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirir. 

Nahaq yerə deməyiblər ki, vətən sərhəddən başlayır. Bu yolda əsgərindən generalınadək vətənini canı bahasına qoruyur və sevir. “Sərhəd hər bir dövlətin rəmzidir. Bayraq, gerb və himn kimi”, – söyləyən dövlət başçımız İlham Əliyev müstəqil dövlətin əsas dayağının onun silahlı qüvvələri olduğunu vurğulayır.

Məhz 2020-ci il sentyabrın 27-dən noyabrın 10-a qədər davam edən 44 günlük Vətən müharibəsinin nəticələri Azərbaycan dövlətinin, ordusunun gücünü, xalqımızın mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Azərbaycan böyük qələbə qazanmaqla tarixi ədalətin və ərazi bütövlüyünün bərpasına nail oldu.

Şübhəsiz, bu tarixi qələbə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji siyasi kursunun məntiqi nəticəsidir.

İşğaldan azad edilən müqəddəs torpaqlarımızın hər qarışını yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə azad etdi. Şanlı ordumuzun tarixinə yeni parlaq səhifələr yazan zəfər yürüşü, qurtuluş savaşı ərazilərimizin işğaldan azad edilməsi ilə nəticələndi.

1673878514856

Bizlər də media nümayəndələri olaraq vətənin keşikçiləri olan igid əsgərlərimizindaim xoş sədalarını eşidir və onların vətənə olan sevgisini, bu yolda göstərdikləri şücaəti, qəhrəmanlıqlarını qələmə almağa, cəmiyyətə çatdırmağa çalışırıq.

Bu baxımdan, özü Birinci Qarabağ müharibəsi, oğlu isə II Qarabağ müharibəsi iştirakçısı olan Elçin Məmmədliüç aydır xidmət edən bacısı nəvəsi ilə görüşmək üçün Dövlət Sərhəd Xidməti (DSX) Sərhəd Qoşunlarının Cəlilabadın Göytəpə kəndində yerləşən “N” saylı  hərbi hissəsində olub. Bir valideyn kimi E.Məmmədli oradan böyük təəssüratla qayıdıb. Və o, öz təəssüratlarını böyük həvəslə bizimlə bölüşdü. Biz də öz növbəmizdə E.Məmmədlinin söylədiklərini olduğu kimi oxucularımıza təqdim etməyi özümüzə borc bildik.

***

E.Məmmədlinin dedikləri:

- Vətən sərhəddən başlanır- deyimi həmişə aktualdır.Çünki müstəqil dövlətin sərhəddi olmalıdır və o sərhəddi də həmin dövlətin əsgərləri qorumalıdır.

1991-ci ildə Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra qonşu dövlətlərlə sərhədlərini daha da mökhkəmləndirdi. Azərbaycan Türkiyə, Rusiya, İran, Gürcüstan və Ermənistanla sərhəddə yerləşir. Xəzər dənizi vasitəsilə isə Türkmənistan və Qazaxısrtanla sərhədləri var. Çox böyük bir ərazini əhatə edən bu sərhədləri Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının əsgərləri qoruyurlar. Məhz DSX rəhbərlərinin və şəxsi heyətinin işinin düzgün qurmasının və ayıq-sayıqlığının nəticəsidir ki, dövlət sərhədimiz göz bəbəyi kimi qorunur. Eyni zamanda sərhədimizə əyri gözlə baxanları da peşman edirlər.

Əsgər və əsgərlikdən söz düşəndə el arasında həmişə deyirlər ki, Sərhəd Qoşunlarında əsgərlərə həm zabitlərin münasibəti çox yaxşıdır, həm də onların məişət şəraiti və yeməklə təminatı çox yüksək səviyyədədir.Bunu övladları bu qoşun növündə xidmət edən valideynlərin böyük həvəslə danışdıqlarının dəfələrlə şahidi olmuşam. Mən bununla Müdafiə Nazirliyinin və ya Daxili Qoşunların əsgərlərə olan diqqət və qayğısına kölgə salmaq istəmirik. Sadəcə, xalq arasında dolaşan söz-söhbətdən belə eşidirik.

Təbii ki, əsgərə belə qayğı və diqqət ən yuxarı səviyyədə təşkil olunur. Deməli, DSX-nın rəisi general-polkovnik Elçin Quliyev öz işinin həm vurğunu, həm də peşəkarıdır. Ona görə də ondan aşağıda olan zabitlər də, necə deyərlər, rəhbərə baxıb düzlənirlər. E.Quliyevin peşəkar və vətənpərvər olması, 2020-ci il sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində tam təsdiq olundu. Hətta E.Quliyevin 44 günlük döyüşdə dünyaya səs salan hərbi taktikası və ixtirası barədə mətbuatda və saytlarda şəxsən özüm oxumuşdum. Ona görə də dərhal telefonun yaddaşını araşdırıb, həmin yazını bir daha oxudum. 05.09.2022-ci il tarixdə Türkiyənin anadoluyakasihaber.com saytında dərc olunmuş “II Qarabağ müharibəsində “kukruznik”lərin müəllifi: General-polkovnik Elçin Quliyev” başlıqlı yazını bir daha oxudum. Baxın hətta yazı Türkiyə mətbuatına belə gedib çıxıb.Mən o zaman bildim ki, 44 günlük döyüşün ilk günlərində ermənilərin hava hücumundan müdafiə sisteminin sıradan çıxarılmasının səbəbkarı məhz Elçin Quliyev olub. Yazıdan görünür ki, hələ 2011-ci ildə E.Quliyev Ali Baş Komandan, prezident İlham Əliyevə məruzə edərək bildirib ki, vaxtilə dərmansəpən kimi tanınan və el arasında “Kukruznik” adlanan AN-2 təyyarələrini müharibə dövründə pilotsuz uçuş aparatlarına çevirməklə, düşmənə ağır zərbələr endirmək olar. Prezident də bu ideyanı dəstəkləyib və həmin təyyarələrin alınması üçün vəsait ayırıb. Nəticəsini isə 44 günlük döyüşdə gördük. “Kukruznik”lər havaya qaldırıldı, ermənilər onun Azərbaycan qırıcıları olduğunu zənn edib, S-300 markalı bahalı zenit-raket komplekslərini işə salıblar. Havada keşik çəkən digər dronlar isə dərhal onların yerini müəyyən edərək, kordinatları həm zərbə PUA-larına, həm də Artilleriya birləşmələrinə ötürmüş və nəticədə ermənilərin hava hücumundan müdafiə sistemləri darmadağın edilirdi. Ona görə də müharibə başlayan kimi çox qısa zamanda ermənilərin hava məkanı tam zərərsizləşdirildi və Azərbaycan dronları, tam sərbəst şəkildə, erməni hərbi birləşmələrinin başlarına od ələyirdi. Yazıda o da qeyd olunmuşdu ki, Sərhəd Qoşunlarının bütün dronlarını idarə edən mərkəzin rəhbəri, E.Quliyevin müavini general-leytenant Əfqan Nağıyev olub. Məhz onun bacarığı və peşəkarlığı sayəsində dronlarımız çox qısa müddətdə ermənilərin hava səmasını tam nəzarətə götürmüşdülər.Ona görə də Ali Baş Komandan, prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Ə.Nağıyev “Qarabağ” ordeni və digər medallarla təltif olunub. Bütün bunlar barədə Azərbaycan və Türkiyə saytlarında gedən həmin yazıda oxumuşdum... Məhz bu yazılardan bildim ki, İkinci Qarabağ müharibəsində Sərhəd Qoşunlarının 4000-ə qədər əsgəri, MAXE, gizir, zabit və generalları iştirak edib. Onlardan 47 nəfəri şəhid olub, 201 nəfəri qazidir, qalanları isə Qarabağ müharibəsi veteranıdır. Sərhədçilərimizdən 12 nəfəri vətənin ən ali mükafatına - Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb…

4

Əlbəttə, bunları eşitmək çox xoş və qürurlu idi. Amma “Yüz eşitməkdənsə, bir görmək yaxşıdır”-deyib atalar. Bu günlərdə valideyn kimi Sərhəd Qoşunlarının Cəlilabadın Göytəpə kəndində yerləşən “N” saylı hərbi hissəsində oldum. Bacım nəvəsi həmin hərbi hissədə üç aydır xidmətə başlayıb. Atası Bəhlul Qurbanov ötən il iyulun 22-də ürək tutmasından dünyasını dəyişib. Bu səbəbdən də bacı nəvəsi Vadim Kərimzadəyə qohum-əqrəba bir az həssaslıqla yanaşır. Ona görə də Yeni il bayramı günlərində Vadimi görmək üçün anası Səkinə xanım, xalası Sevda xanım, onun həyat yoldaşı Natiq, nənəsi Teybə xanım,  nəvələri  Rəşad və Muradla birlikdə görüşə getmişdik. Valideynlərin əsgərlə görüşünə heç bir problem yaradılmadı. Hərbi hissənin yeməkxanasında hər bir valideyn əsgər oğulları ilə rahatca oturub  söhbət edə və gətirdikləri təamları birlikdə nuş edə bilirdilər. Onu da qeyd edim ki, ailə kimi yaxın dostum olmuş ata və anası bir-birindən təxminən 5 il aralığı ilə rəhmətə getmiş, artıq bir ildir xidmət edən Fəqan İbrahimov da bu hərbi hissədə, özü də bacım nəvəsi Vadim Kərimzadə ilə bir yerdədir.

Əlbəttə,  taleyin qismətindən ata-anasını itirmiş Fəqanla görüşməmək böyük günah olardı. Başına gələnləri bilən bizim qohumlar Fəqana  olduqca qayğıkeş və diqqətlə yanaşdılar. Onu doğmaları kimi gedənə qədər  öz yanlarından buraxmadılar.

Hər iki əsgərin digər dostları ilə də təmaslar qurdum və olduqca maraqlı məlumatlar aldım. Əvvəlcədən onu deyim ki, “Sərhəd Qoşunlarında  zabitlər əsgərlərə çox qayğı və diqqətlə yanaşırlar” – söhbətinin burada canlı şahidi oldum. Əvvəla, hərbi hissənin həyətində yaradılmış səliqə-sahman, yaşıllıq, hərbi hissəni yox,  gözəl və yaraşıqlı bir parkı xatırladırdı. Əsgərlər yeməklərindən, yatacaqlarından çox razılıq etdilər. Xüsusilə, onların komandirlərindən ağızdolusu danışması məni olduqca təsirləndirdi. Bu söhbətlər bir anlıq məni 1992-93-cü illərdə topçu komandiri kimi könüllü olaraq getdiyim Birinci Qarabağ savaşında döyüşdüyüm  illərə qaytardı. O dövrdə mənim 45 əsgərim vardı. Şükür ki, onların sırasından yaralanan olsa da, heç bir ağır itki olmadı. Haramı düzündən başlayan döyüş  yolumuz sonralar Zəngilan, Qubadlı, Laçın və Füzulidən keçdi. Bu döyüşlərdə, mən əsgərlərimi öz övladım qədər  sevirdim və sanki onları qanadımın altına alıb qoruyurdum. O dövrdə 18-19 yaşında olan, indi isə 50 yaşına haqlamış həmin əsgərlər hələ də məni unutmurlar. O vaxt dünyaya gəlməyən və 1999-cu il təvvəllüdlü  oğlum həm Gəncədəki “N” saylı  hərbi hissədə qulluq edərkən, həm də 2020-ci ilin sentyabrın 27-də başlayacaq İkinci Qarabağ savaşından 4 gün əvvəl, sentyabrın 23-də Şəmkir poliqonunda olan oğlumun yanına şəmkirli əsgərlərim Mais, Elfaq və Mahir  çox böyük məmuniyyətlə, özləri də əlidolu gəlmişdilər. Hələ Gəncədə xidmət edərkən bu uşaqlar onun yanına gələndə oğlum xeyli təəccüblənmişdi və telefon danışığımızda mənə belə demişdi: “Ata, bu adamları mən tanımıram, dedilər, Qarabağda sənin əsgərlərin olublar. Onu da qeyd etdilər ki, sənin atan olmasaydı, Allah bilir bizim meyitimiz haralarda idi? Ata, onlar həm çoxlu yemək gətirmişdilər, həm də cibimə pul qoydular”.

Təbii ki, keçmiş əsgərlərimin bu addımı məni kövrəltmışdi və oğluma bunun mahiyyətini başa saldım. Ona görə də 44 günlük döyüşə  əsgər kimi də olsa, böyük həvəslə getdi. Yüngül yaralansa da, bu döyüşdən sağ-salamat çıxıb, yenidən hərbi hissəyə, özü də medalla qayıtdı. 1,6 illik hərbi xidməti isə, dövlətimiz lazım bildiyindən, 2 il çəkməli oldu…

Bunları niyə danışıram? Ona görə ki, Sərhəd Qoşunlarının Göytəpədəki “N” saylı hərbi hissəsində qulluq edən bu əsgərlərin öz komandirləri haqqında xoş sözləri dinlədikcə, həmin dövr yadıma düşürdü. Mən bu əsgərlərə belə dedim: “Əziz övladlarım, mən birinci Qarabağ savaşında komandir kimi iştirak edərkən əsgərlərimə öz balalarım kimi yanaşmışam və  o dövrdə heç vaxt ağlıma gəlməzdi ki, 30 ildən sonra  mənim oğlum əsgərlikdə, sonra isə döyüşdə olacaq və bu əsgərlərim yaşlaşan vaxtı gedib ona baş çəkəcəklər.Biz döyüşə ona görə getmişdik ki, Qarabağ problemi gələcək nəsillərə qalmasın. Amma sən saydığını say deyiblər… Deməli, sizin bugünkü komandirləriniz sizə öz balaları kimi yanaşırlarsa, siz də mənim əsgərlərim kimi onları 30 il, 40 il, 50 il keçsə də unutmayacaqsınız”.

Əsgərlərin komandirləri haqqında söylədikləri xoş sözləri məndə xüsusi maraq oyatdı. Ona görə də onların ad və soyadları ilə maraqlandım. Bilirdim ki, bu komandirlər özləri barədə heç nə danışmayacaqlar. Amma öyrəndim ki, bu hərbi hissənin komandiri polkovnik Rauf Abdullayevdir. Bu komandir deyilənə görə, əsgərlərin necə yatıb durduqları və yeməkxanada nə yedikləri barədə hər gün maraqlanır. Özü də bunu  komandirlərdən yox, şəxsən əsgərlərin özləri ilə söhbətdən öyrəndim. Görünür, R.Abdullayev çox uğurlu bir kadrdır və  öz işinin peşəkarıdır. Hərbi hissə komandirinin şəxsi heyət üzrə müavini mayor Ruslan Qəhrəmanov isə az qala əsgərlərlə yatıb-durur.  Elə bir əsgər tapılmadı ki, R.Qəhrəmanovla gündə bir neçə dəfə ünsiyyətdə  olmadığını desin. Mən şəxsən şahidi oldum ki, R.Qəhrəmanov övladları ilə görüşə gələn valideynlərin hər biri ilə yaxınlaşıb tanış olur, onlarla stol arxasında bir yerdə oturub çay da içirdi. Onun bu sadəliyi, əsgərlərə belə qayğı ilə yanaşması, R.Qəhrəmanovun necə gözəl bir insan və əsl komandir olmasından xəbər verirdi.  Deməli, R.Qəhrəmanov da öz peşəsini sevdiyi kimi, əsgərləri də doğması qədər sevir. Əsgərlər Qərargah rəisi polkovnik-leytenant Pərviz Məmmədovdan, Qərargah bölüyünün komandiri kapitan Nəsimi Abdurrzaqovdan da olduqca xoş sözlər söylədilər və onlardan özlərinə qarşı həmişə diqqət və qayğı gördüklərini bildirdilər. Komandirlər barədə söhbətdən sonra əsgərlərin vətənimizin sərhədində necə xidmət etdikləri barədə maraqlandım. Mənim əsgərlərlə görüşüm, sərhədçilərin Yardımlının Perimbel və Daşkənd ərazisində yerləşən Sərhəd zastavasının xidməti ərazisində 170 kq-dan çox narkotik maddələrin tutulamsı barədə mətbuatda gedən informasiyanın yayılması ilə eyni vaxta təsadüf etmişdi. Ona görə də əsgərlərdən öz ağır və şərəfli işlərində nə kimi çətinliklərlə üz-üzə gəldikləri ilə maraqlandım. Hamısı bir ağızdan bildirdilər ki, “Sərhəddəki  xidmətimizin heç bir çətinliyi yoxdur, komandirlər həmişə bizim qayğımıza qalırlar. Doğrudur, sərhəd pozucuları işimizə maneçilik törətmək istəyirlər, amma bizim ayıq-sayıqlığımız onların bütün planlarını pozur”.

Doğrudan da sərhəd pozucuları və qaçaqmalıçılar həmişə olub, bu gün də var və sabah da olacaq. Bildiyimiz kimi, Ali Baş Komandan, Prezident İlham Əliyevin bacarıqlı sərkərdərliyi, ordumuzun rəşadəti, əsgər, MAXE, gizir, zabit və generallarımızın qəhrəmanlıqları sayəsində 30 il işğalda olan Qarabağ torpaqları 44 günlük savaşla işğaldan azad edildi. Biz ermənilər üzərində qələbə qazandıq. Bununla da  30 il işğalda olmuş 132 km.lik İranla olan sərhədlərimiz geri qaytarıldı. Narkotik alverçiləri Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş rayonlarında 30 il nəinki sərbəst hərəkət ediblər, hətta narkotik tərkibli bitkilərin əkilib-becərilməsi və satışı ilə də məşğul olublar. İndi Sərhəd Qoşunlarının hərbiçiləri 132 kilometrlik sərhədi tam möhkəmləndirərək, keçilməz bir hala gətiriblər. Ona görə də müxtəlif sərhəd pozucuları,  narkotik və heroin alverçiləri başqa ərazilərimizdə, çətin keçilən hündür dağ və meşə şəraitindən istifadə edərək Cəlilabad, İmişli, Biləsuvar, Yardımlı tərəfdən sərhədlərimizi pozmağa çalışırlar. Özünü İran İslam Respublikası adlandıran  ölkənin vətəndaşları sərhədi gizli keçərək, Azərbaycan gənclərini narkotikaya, heroinə və digər narkotik, həmçinin psixitrop maddələrə öyrədərək, onların həyatını məhv etməyə çalışırlar. Bu addım, 30 il torpaqlarımızı işğal edən ermənilərə qucaq açan, onları blokada şəraitindən çıxararaq acından ölməyə qoymayan İranın dost-qardaş dediyi Azərbaycana qarşı məkrli planının nəticəsidir. Amma nə yaxşı ki, sərhədimizdə canından keçməyə hazır olan qəhrəman əsgərlərimiz ayıq-sayıq dayanıblar.

Yuxarıda qeyd etdiyim kimi, artıq mənim əsgərlərlə görüşümüzdən 3 gün əvvəl, yəni 2022-ci il dekabrın 29-da 170 kq-dan çox narkotik maddənin tutulması barədə Dövlət Sərhəd Xidməti Mətbuat Xidmətinin məlumatı artıq mətbuatda yayılmışdı. Həmin rəsmi məlumatda oxuyuruq: “Dekabr ayının 29-da gecə saat 02:00 radələrində  Dövlət Sərhəd Xidmətinin  Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun  Perimbel kəndi, saat 14:30 isə və Daşkənd kəndi  yaxınlığındakı Sərhəd Zastavasının xidməti ərazisində sərhəd naryadının  sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitələrin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınmışdır. Sərhəd keşikçilərinin qanuni  tələblərinə məhəl qoymayan sərhəd pozucuları, hər iki halda odlu silahdan atəş açaraq, sərhədçilərin həyatına təhlükə yaratmışlar. “Dövlət sərhədi haqqında” Azərbaycan Respublikası qanunun tələblərinə uyğun olaraq, sərhəd keşikçiləri xəbərdarlıq məqsədi ilə silahdan istifadə etmişdir. Sərhəd pozucuları üzərindəki bağlamaları ataraq, geriyə, İran ərazisinə qaçmağa müvəffəq olmuşlar.

Hər iki istiqamət üzrə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ümumi çəkisi 170 kiloqram 106 qram narkotik vasitə (20 kq. 158 qr.“heroin”, 142 kq.131 qr. “marixuana”, 4 kq. 792 qr. “metamfetamin”, 3 kq. 025 qr. “tiryək” və  81228 ədəd “metadom M-40” həbləri) aşkar olunaraq götürülmüşdür.

Baş vermiş silahlı insidentlərlə əlaqədar İran İslam Respublikasının sərhəd mühafizə orqanlarının nümayəndələri ilə görüş keçirilmiş və  məlumat mübadiləsi aparılmışdır. Hər iki fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir”.

Göründüyü kimi, sərhədçilərimizin xidməti heç də asan deyil, sanki hər gün müharibə şəraitində xidmət edirlər. Bu məlumatdan sonra elə oradaca Dövlət Sərhəd Xidmətinin dsx.gov.az saytınna daxil olub, təkcə dekabr ayında sərhədçilərimizin keçirdiyi bir neçə uğurlu əməliyyatlar barədə məlumat aldım.

DSX-nın saytından  aldığım məlumatlardan aydın oldu ki, sərhədçilərimizin ayıq-sayıqlığı nəticəsində ötən ilin təkcə dekabr ayında xeyli uğurlu əməliyyatlar keçirilib. İstəyirəm bu əməliyyatların bir neçəsi barədə əlavə məlumat verim ki, sərhədçilərimizin vətənimizin sərhədlərində necə qəhrəmanlıqlar göstərdiyini hamı bilsin. 

DSX-nın dsx.gov.az saytında oxuyuruq:

Dekabrın 24-də  Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd  zastavasının xidməti ərazisində sərhəd keşikçilərinin sayıqlığı nəticəsində bir nəfər saxlanılmışdır. Saxlanılan Avaş kənd sakini Taryel Babayevdən 2 kq. 300 qr qızıl-zinət əşyaları aşkar edələrək götürülmüşdür.

Dekabrın 24-də daha bir məlumat var. Məlum olur ki, həmin gün gecə saat 01:40-da Qusar rayonunun Həzrə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycan tərəfindən Rusiya və oradan da Avropa ölkələrinin birinə miqrasiya etmək məqsədilə dövlət sərhədimizi qanunsuz keçməyə cəhd edən 5 nəfər Pakistan vətəndaşı saxlanılmışdır.

Dekabrın 20-də “Şahtaxtı” dövlət sərhədinin buraxılış məntəqəsində İran dövləti istiqamətindən Azərbaycan tərəfə rəsmi qaydada keçən İran vətəndaşı 1966-cı il təvəllüdlü Azizmohammad Mahmoud Najiollah oğlu saxlanılmışdır. A.Mahmouda məxsus “DAF” markalı XB389BX dövlət qeydiyyat nişanlı yük maşınına gömrük əməkdaşları ilə birgə baxış keçirilərkən avtomobilin qoşqusunun arxa qapısının arakəsmə hissəsində gizlədilmiş 37,4 kq marixuanaya bənzər narkotik vasitə aşkar edilərək götürülmüşdür.

Dekabrın 7-də Yardımlı rayonunun Ostahir kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd keşikçilərinin ayıq-sayıqlığı nəticəsində qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana külli miqdarda narkotik vasitələrin keçirilməsinin qarşısı alınmışdır.Keçirilən uğurlu əməliyyat nəticəsindəsərhəd pozucuları olan iki İran vətəndaşından 39 kq.785qram narkotik tərkibli marixuana, metadon M-40  psixatrop həblər aşakar edilərək götürülmüşdür.

Dekabrın 4-də Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində İran tərəfindən qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin Azərbaycana keçirilməsinin qarşısı alınmışdır.Astara rayon sakini 1978-ci il təvəllüdlü Məmmədov Güloğlan Həsənağa oğluna məxsus 07-BF-653 “Ford tranzit” markalı maşın şübhə doğurduğundan saxlanılmış və keçirilən baxış zamanı 3 ədəd bağlamada 42 kq. 75 qram narkotik vasitəyə bənzər maddələr (19 kq. 70 qram “heroin”, 11 kq. 620 qram “həşiş”, 4 kq. 40 qram “tiryək” 2 kq. 820 qram “metamfetamin” və 4190 ədəd “metadon-40” psixotrop həbləri) aşkar olunaraq götürülmüşdür.  

Yuxarıda təkcə dekabr ayında olan çoxsaylı uğurlu əməliyyatların bir qismi ilə sizləri də tanış etdim. Qeyd etdiyim bu bir neçə məlumat DSX-nın Sərhəd Qoşunlarının şəxsi heyətinin, həyatlarını riskə ataraq vətənimizin sərhədlərini necə qəhrəmanlıqla qoruduqlarının bariz nümunəsidir.

Yenə əsgərlərlə olan söhbətimizə qayıdıram. Sərhədçi əsgərlərlə söhbətdən doğrudan da doymaq olmurdu. Amma biz həmin gün geri qayıtmalı idik. Ona görə də Maştağadan, Suraxanıdan, Gəncədən, Goranboydan və digər bölgələrdən olan, tanıyıb-tanımadığımız hər bir əsgərlə görüşüb hərbi hissəni tərk etdik. Amma özümüzlə böyük bir sevinc yükü aparırdıq. Çünki Göytəpədəki “N” saylı hərbi hissənin  komandiri polkovnik Rauf Abdullayev, şəxsi heyət üzrə müavin mayor Ruslan Qəhrəmanov, qərargah rəisi polkovnik-leytenant Pərviz Məmmədov, qərargah bölüyünün  komandiri  kapitan Nəsimi Abdurrzaqov və digər əsgərləri sevən, onların öz övladları qədər qayğısına qalan komandirlər var. Necə deyərlər, öladlarımız etibarlı əllərdədir. Peşəsini belə ürəkdən sevən, bacarıqlı, vətənpərvər komandirlərlə, əlbəttə, vətən sərhədi də yüksək  səviyyədə qorunacaq və sərhədimizə xor baxanların gözləri ovulacaq.

***

Bəli, "Hər şey vətən üçün!", – deyərək canını, sağlamlığını vətən uğrunda fəda etməyə hazır olan, ordumuzda xidmət edən əsgərlərimiz ən böyük vətənpərvərlərdir. Əlbəttə ki, hər  bir Azərbaycan gənci öz vətənini, bayrağını sevməlivə vətənpərvər olmalıdır. Sərhədlərimizin toxunulmazlığının və etibarlı qorunmasının aktual olduğu bir dövrdə Azərbaycan sərhədçiləri də öz peşə borclarına sadiq qalaraq vətənin keşiyində layiqincə dayanırlar.

E.ŞİRİNOV

(Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb. 6.3.5.)

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN