Son günlər Avropanın bir çox ölkələrində peyvənd əleyhinə və karantin rejiminə qarşı nümayişlər keçirilir. Əhali hökümətin insanların sağlamığına müdaxilə etməsindən, peyvənd edilməsindən və karantin rejimi tətbiq etməsindən narazılığını bildirmək üçün küçələrə axışıb.
Dünən verilən xəbərlərə görə,İsveçrədə peyvənd əleyhinə və karantin rejiminə qarşı etiraz nümayişi keçirilib. Belə ki, Luzern şəhərində eyni vaxtda iki etiraz aksiyası keçirilib.Şəhər polisinin məlumatına görə, aksiyaların birində peyvənd əleyhinə, digərində isə hökumətin karantin rejimi ilə bağlı tətbiq etdiyi qərara etirazlar səsləndirilib.
Nümayiş zamanı bir polis əməkdaşının yaralandığı bildirilir.
Aksiyalarda ümumilikdə 5 mindən çox insan iştirak edib.
Başqa bir xəbər isə Fransadan gəlib.
Fransada şənbə günü məcburi peyvəndə və karantin rejiminə qarşı etiraz aksiyalarında 19 nəfər saxlanılıb.
Bu barədə Fransanın daxili işlər naziri Gerald Darmanen “Twitter” hesabında yazıb.
Nazir bildirib ki, onlardan 10-u Parisdə, 9-u isə digər bölgələrdə saxlanılıb.
Polisə və jandarma əməkdaşlarına fədakar xidmətlərinə görə minnətdarlığını ifadə edən Darmanen nümayiş zamanı etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olduğunu vurğulayıb. Qeyd edib ki, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb.
Polisin məlumatına görə, Parisdə 14,2 min nəfər, ölkənin digər bölgələrində isə ümumilikdə 204 min nəfər iştirak edib.
Şakir QURBANOV