"Dünyada ciddi geosiyasi proseslər gedir və bu proseslər içərisində uduzan Rusiya, Ermənistan və İrandır"

Cənubi Qafqazda baş verən proseslər dünyanın güc mərkəzlərinin diqqətindən kənarda qalmayıb. Dünyanın yeni geosiyasi düzənində hegemon rol oynamaq istəyində olan aparıcı dövlətlər strateji xətlərində dəyişiklik etmək zorunda qalıblar. Məsələ orasındadır ki, Qərb-Rusiya qarşıdurmasında mərkəzdənqaçma meyilləri daha çox müşahidə olunmaqdadır. Dünyada və regionda baş verən siyasi proseslərlə bağlı suallarımızı "Olaylar" qəzeti və "Olaylar" informasiya Agentliyinin baş redaktoru, siyasi şərhçi Yunus Oğuz cavablandırıb. "Təzadlar" həmin müsahibəni təqdim edir:

-Yunus bəy, Rusiyanın Vladivostokda Şərq İqtisadi Forumu keçirməsi, forum çərçivəsində Rusiya prezidenti Vladimir Putinin Ermənistanla bağlı sərt açıqlama verməsi hansı anlama gəlir?

-Əvvəllər də dediyim kimi yeni geosiyasətdə və yeni geostrateji xətdə daşlar öz yerində oturmağa başlayır. Faktiki olaraq Putinin əlindən Avropa bazarı çıxır. Bu səbəbdən də yeni bazarlara daxil olmağa çalışır. Yeni bazarlar isə Şərqdədir, burada Çin, Hindistan və Şimali Koreya əsas rol oynayır. Afrikada Cənubi Afrika Respublikası, Amerikada isə Braziliya bura daxildir. Məhz bu səbəbdən Putin Vladivostokda həm Şanxay iqtisadi birliyini yaradır, həm də Şərqin İqtisadi Forumunu keçirir. Bu o deməkdir ki, Putin yavaş-yavaş Şərqə çəkilir. Başqa sözlə, NATO və Amerika Qərbdən Şərqə irəlilədikcə Putin Şərqə doğru gedir. Putin yaxşı anlayır ki, iqtisadi əsaslar olmadan heç bir siyasət aparmaq olmaz. Fakt odur ki, daşlar yavaş-yavaş yerində oturmağa başlayır. Bu daşlar yerində oturanda Putinə Ermənistan lazım olmayacaq. Putin Vladivostokdakı açıqlamalarını elə-belə vermədi. Nəzərə almaq lazımdır ki, Paşinyan onu qızışdırıb-Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının iclasına qatılmadı, hərbi təlimlərə qatılmadı, əvəzində Ermənistan-Amerika təlimlərinə rəvac verdi, Fransanı Ermənistana gətirdi, arvadı Ukraynada Zelinski ilə görüşdü. İndi də Putin əvəzini çıxır. Qarabağda müvəqqəti yerləşən sülhməramlıların generalının Bakıda görüş keçirməsi təsadüfi deyil. Şübhəsiz ki, bu barədə tapşırıq Moskvadan olub. İndiyə qədər müharibədən dərhal sonra sülhməramlıların rəhbəri "xala xətrin qalmasın" deyə cəmi bir dəfə hər iki tərəflə görüşmüşdü. Putinin açıqlaması onu göstərir ki, "Qarabağdan əlimi çəkməyə başlayıram, nə istəyirsən elə, mən yeni geoiqtisadiyyat qururam". Təsadüfi deyil ki, həmin forumda mindən artıq müqavilə imzalanıb. Deməli, Rusiyanın geosiyasəti Şərqə doğru gedir. NATO və Amerika isə Qərbdən Şərqə doğru gəlir. Artıq Putin Ukraynada heç bir uğur əldə edə bilmir. Ona görə açıqlama verdi ki, Ukrayna ilə müqavilə bağlamaq olar, amma şərtlərimizi yerinə yetirsinlər. Əvvəllər isə heç bunu da demirdilər, daha aqressiv, daha inamlı danışırdılar. İndi isə yumşaq siyasət yürüdürlər. Hazırda isə Şərqdə yeni geoiqtisadiyyat qurulur.

-Sizcə Şərqdə yeni iqtisadiyyat qurmaq üçün kifayət qədər resurslar mövcuddur?

-Nəzərə almaq lazımdır ki, Şərqdə bunun üçün kifayət qədər resurslar var. Belə ki, Çinin və Hindistanın hərəsinin bir milyarddan artıq əhalisi mövcuddur. Bu o deməkdir ki, ucuz işçi qüvvəsi və xammal problemi yoxdur. Putin isə onlara imkan verir ki, əhalisini yeni qurulacaq iqtisadi zonaya  yönəltsinlər. Təbii ki, bunun nəticəsində orada ciddi demoqrafik siyasət gedəcək. Rusiya birdən gözünü açacaq ki, Uraldan o yana hindlilərlə çinlilər dolub. Ardınca da uşaqları səsverməyə gedəcəklər. Onlar ermənilər kimi kompakt yaşayırlar və Çindən nə göstəriş gəlsə onu da edəcəklər. Odur ki, indiki siyasətdə Putinin başqa yolu yoxdur. Çünki geosiyasət dəyişib.

Putin çalışır ki, loqistik layihələrin hamısı Rusiyadan keçsin. Onun üçün də Vladivostok tərəfdə güclü infrastruktur yaradır, kazinolardan tutmuş yollara qədər yenilik edir. Çünki İnfrastruktur olmasa texnoloji inkişaf olmayacaq. Texnoloji inkişaf olmasa iqtisadiyyat güclənməyəcək. Bu saat dünya texnologiya ilə güclənir. Türkiyə qabaqcıl texnologiyaya görə dünyanın on inkişaf etmiş ölkəsindən biridir. Türkiyənin hərbi sənayesi inkişaf etdi və investisiyanı başqa sahələrə yönəltdi. Yəni, Türkiyədə texnologiya inkişaf etdikcə, iqtisadiyyatı gücləndi. Rusiyada isə hələ ki, kustar sənaye dövrü yaşanır. Putin bunu başa düşdü və üzünü Şərqə tutdu.

- İranın bu məsələdə mövqeyi nədən ibarət ola bilər?

-İran da bunu başa düşüb. Əvvəla qeyd edim ki, Putin İrana inanmır, digər tərəfdən Rusiya İrandan uzaq düşüb. Nəticədə İranı üç tərəfdən Pakistan, Türkiyə və Azərbaycan əhatələyib. İran bizimlə müharibə etsə, bir tərəfdən Pakistan, digər tərəfdən Türkiyə qatılacaq. İran da məcbur olur razılaşsın ki, Qarabağ Azərbaycanın ərazisidir. İndiyə qədər bunu heç vaxt deməmişdi. Amma müharibədən dərhal sonra İranla ikinci dəhlizlə bağlı müqavilə bağlanıb. Bir dəhliz Ermənistandan, o birisi isə Xudafərinin bu biri tərəfindən keçir. Ağlı olsaydı, elə bu dəhlizi açdırardı, sadəcə Azərbaycanın güclənməsini istəmir. Azərbaycan isə bu gün  regionun ən güclü və aparıcı dövlətidir.

- Yeri gəlmişkən, Ağdam-Xankəndi yolunun açılması ilə Azərbaycan nə əldə etmiş olur?

-Rusun Xankəndiyə Ağdam-Xankəndi yolundan keçməsi o deməkdir ki, artıq sərhədlər müəyyənləşib. Ona görə də Laçın yolundan nə keçəcəksə yoxlama aparılacaq. Artıq bu məsələlər həll olunub, qalır ermənilərin məsələsi. Onlar ya reinteqrasiya olmalı, ya da çıxıb getməlidirlər. Maraqlı məsələlərdən biri də ondan ibarətdir ki, ermənilərə göndərilən bir dəst yataq dəsti kimə çatacaq? Deməli, Xankəndində maksimum 15-20 min erməni var. Yəqin ki, onların da on mini hərbçidir ki, onlar da Qarabağı tərk edirlər. Mitinq edəndə Yerevandan avtobusla əhalini ora tökürdülər ki, sayı çox görsənsin. Bəs, indi niyə mitinqlərdə o qədər adam yoxdur? Çünki onda həm yollar açıq idi, həm də əsgərlərə mülki forma geyindirib meydana tökürdülər. Ermənilər ona görə, Xankəndi ilə təmas qurmağa imkan vermirlər ki, əhalinin real sayı bəlli olacaq.  

- Belə məlum olur ki, Putin dalana dirənib, Qərb yavaş-yavaş Cənubi Qafqaza doğru irəliləyir. Belə vəziyyət Azərbaycan üçün nə dərəcədə sərfəlidir?

-Biz NATO və Rusiya ilə balanslaşdırılmış siyasət aparmalıyıq. Eyni zamanda, Ukrayna, Çin kimi ölkələrlə iqtisadi əlaqələr qurmalıyıq. Məlum olduğu kimi hərbçilərimiz  NATO səviyyəsində təlimlər keçir. Biz 44 günlük Vətən müharibəsində də NATO səviyyəsində döyüşdük və bunu heç kimdən gizlətmədik. Biz dünyaya açılmalıyıq, çünki elə bir vəziyyətdəyik ki, həm Şərqə, həm də Qərbə arxalana bilərik. Bir sözlə geoiqtisadi əlaqələrimizi maksimum dərəcədə genişləndirməliyik. Amma strateji xəttimizi, hədəflərimizi saxlamalıyıq. Birdə gördün, İran hansısa addım atmaq niyyətinə düşdü. Rusiya ona görə İrandan küsdü ki, Amerika İrana 6 milyard dollarını qaytardı. Bu İranın öz pulu idi, o vaxt sanksiya verib saxlamışdılar. Amerika dedi ki, bu pullar yalnız humanitar məqsədlər üçün xərclənə bilər, hərbi sahəyə yönəldilə bilməz. Amerika yaxşı oyun oynayaraq İranı da özünə tərəf çəkdi. Dərhal İran generalları Azərbaycanda görüş keçirdilər. Daşlar yerinə oturduqca vəziyyətə daha da aydınlıq gəlir. Azərbaycan daha da güclənir, Putin Uraldan da o yana çəkilir. Birdə gördün, paytaxtı da o tərəfə köçürdü.

-Putin Ermənistandan əlini çəkir, Qərb isə hələ ki, regiona müdaxilə yolu axtarır. Belə bir vəziyyətdə Paşinyanı əks açıqlamalar verməyə hansı qüvvələr təhrik edir? 

- "Sorosun uşaqları" Paşinyanı hakimiyyətə gətirəndə şərt qoyublar ki, Rusiyadan aralan. Lakin bu elə də asan məsələ deyil. Ermənistanın sərhədlərini Rusiya qoruyur, gömrüyü, dəmiryolu, elektroenerjisi onun əlində. İndi Paşinyan elə bir vəziyyətdədir ki, özü bilmir nə eləsin. Ona görə də hər gün bir-birini təkzib edən bəyanat verir. Paşinyan haça-paça olub, nə edəcəyini bilmir. Biz bundan istifadə etməliyik. Putin açıqlamasında dedi ki, Ermənistan Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü hələ 1991-ci ildə MDB-yə daxil olanda tanıyıb. Bunu BMT çərçivəsində də təsdiq edib. Bu halda Ermənistan ya qonşu kimi qonşu olmalı, ya da dağılıb getməlidir, başqa çarəsi yoxdur. Qərb bilə-bilə Paşinyanı Putinin qucağına itələyir. Məqsəd isə ondan ibarətdir ki, Ermənistanda narazıların sayı artsın və Rusiyaya desinlər ki, ordunu ərazidən çıxart. Bütün sadalananlar fonunda Azərbaycan çoxvektorlu işlər qurmalıdır. Həm siyasi, həm iqtisadi, həm də diplomatik sahədə fəallığını artırmalıdır.

-Azərbaycanın beynəlxalq aləmdə yerini və mövqeyini necə görürsünüz?

-Oktyabrın 1-də Bakıda "Azərkosmos"un beynəlxalq konfransı keçiriləcək. Təsəvvür edin ki, tədbirə beş min qonaq qatılacaq. Yəqin ki, konfrans çərçivəsində kifayət qədər müqavilə bağlanacaq. Bu isə o deməkdir ki, Bakı beynəlxalq konfransların mərkəzinə çevrilib. Hazırda dünyada maraqlı siyasi proseslər gedir. Məsələ orasındadır ki, Azərbaycanın daxilində olan bəzi qüvvələr ölkəmizin əleyhinə gedirlər. Yersiz bəyanatlar verilir, lazımsız mövqelər ortaya qoyulur. Dövlətimizin güclənən bu vaxtında nə etmək istəyirsiniz? Avropanın xüsusi qrupları var ki, ara qarışdırmaqla məşğuldur, buna da qəşəng pul buraxırlar. Bütün bu təzyiqlərə baxmayaraq bütün gücümüzü dövlətimizi gücləndirməyə yönəltməliyik. Nəzərə almaq lazımdır ki, biz müharibə vəziyyətindəyik. Aprel döyüşləri 3 gün davam etdi, media orqanları hərəsi bir məlumat verirdi, 44 günlük Vətən savaşında isə hamı çəkici bir zindana vurdu.  Düşünürəm ki, dünyada ciddi siyasi proseslər gedir və bu proseslər içərisində uduzan Rusiya, Ermənistan və İrandır. Əsas odur ki, Rusiya Güney Qafqazdan çəkilmək üzrədir. Bunu İran da başa düşür və bizimlə yumuşaq güc siyasətinə keçib. İran bizi 30 ildir ki, aldatmaqla məşğuldur. İndi isə bizi beynəlxalq aləmdə qəbul edirlər. Biz tərəfdə daşlar oturub, Putin tərəfdə isə hələ daşlar oturmayıb. Bu səbəbdən hələ gələcəkdə daha ciddi poseslərin şahidi olacağıq.

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN